Xəzər Xəbər

“Əsgər” “əskər” kimi yazılmayacaq

Cəmiyyət | 16:02 • 29 Yanvar 2018
“Əsgər” “əskər” kimi yazılmayacaq

"Azərbaycanda orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparılması bu gün bitsə də, biz görürük ki, müzakirələrin davam etməsinə ehtiyac var".

APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

İ. Həbibbəyli bildirib ki, hazırda Orfoqrafiya Komissiyası yeni dəyişikliklərlə bağlı ümumiləşdirmə aparır: "Təklif olunub ki, torpaq toprak, yarpaq yaprak kimi yazılsın. Amma bu, Türkiyə türkcəsinin qaydalarına uyğundur. Bunlar Azərbaycan dilinin prinsipinə uyğun deyil. Bunu vaxtilə Cəfər Cabbarlı da təklif etmişdi, qəbul olunmadı”.

İ. Həbibbəyli əlavə edib ki, dəyişikliklər qəbul olunsa, 60-dan az sözün yazılışı dəyişəcək: "Deyirlər ki, 60 min söz dəyişir. Biz dilimizi dəyişirik? Media bu məsələni savadsız hallandırır. Bu məsələ ilə bağlı heç bir narazılığa əsas yoxdur. Bu narazılığın elmi əsası yoxdur. Onlar qaydaları oxumayıblar”.

Komitə sədri qeyd edib ki, insanlar "əskər” sözünün hazırkı yazılışını dəstəkləmir: "Dilçilərin 50 faizinin fikrincə də, "İsgəndər", "əsgər" yazılmalıdır. Komissiya da yəqin ki, bu sözlərin yazılışını "İsgəndər", "əsgər" kimi qəbul edəcək. "Alqı-satqı" sözü "çalğı" sözü kimi eyni qayda ilə yazılmalıdır. Biz "calqı” yox, "çalğı" yazırıq. Dil qaydasına görə, bu sözlər eyni yazılmalıdır. Amma ictimai fikirlərdən onu görürük ki, xalq bu məsələdə ənənənin tərəfdarıdır, yəni çoxluq "alqı-satqı" sözünün "alqı-satqı" kimi yazılmasının tərəfindədir”.

Xəbər lenti