Milli Məclisin Ailə, qadın və
uşaq məsələləri komitəsinin ötən gün keçirilən iclasında boşanmaların
qarşısının alınması üçün nikah müqaviləsinin məcburi edilməsi təklif
edilib. Bildirilib ki, Azərbaycanda boşanmaların sayı çoxalıb, bunun
qarşısını almaq üçün nikah müqaviləsi mütləq lazımdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov
deputatların nikah müqaviləsinin məcburi olması ilə bağlı təklifinə
münasibət bildirib.
Komitə rəsmisi bildirib ki, nikah müqaviləsinin məcburilik formatına keçirilməsi
mümkünsüzdür. Onun sözlərinə görə, bu, beynəlxalq praktikaya, milli
qanunvericiliyə, həm də bütün normalara əsasən mümkün deyil.
"Boşanmaların
azaldılması ilə bağlı bu səpkidə digər addımların atılması mümkündür.
Müqavilədə digər məqamların açılması, onların məsuliyyətə cəlb edilməsi,
nikaha daxil olanda tərəflərə tövsiyyə xarakterli məlumatların təqdim
edilməsi qeyd edilə bilər. Bunlar bəzi hallarda psixoloji məqamları
nəzərə alaraq sığortalamaq məqsədilə boşanmaların müəyyən faizini azalda
bilər. Lakin nikah müqaviləsi daha çox iki tərəf arasında əmlak
hüquqlarını və hüquqi tənzimləməni, yaşayış yeri, ailənin və uşaqların
təminatını müəyyən edir. Nikah müqaviləsinin formatı daha böyük məqsəd
daşıyan amildir, nəinki boşanmaların sayının azaldılmasına təsir edən
sənəd. Nikah müqaviləsinin məcburi olması mümkünsüzdür”.
E.Səfərov
qeyd edib ki, vətəndaşın konstitusion hüquqi var ki, nikahda olan
şəxslə yaşasın və ya yox. "Heç kim bunun qarşısını ala bilməz. Biz
yalnız stimullaşdırıcı addımlar nəzərdə tuta bilərik. Məsələn,
boşanmanın qarşısının alınması üçün maarifləndirmə tədbirləri
görülməlidir. Bununla bağlı ayrıca tədbirlər planı qəbul edilməlidir.
Problemin qarşısının alınması üçün dövlət qurumları bu sahədə
stimullaşdırıcı addımlar atmalıdır ki, nikahların sayı artsın,
boşanmaların sayı azalsın. Nikaha daxil olanda məsuliyyətin dərinliyini
hiss etməsi üçün gənclərə ailə təlimlərinin keçirilməsi vacibdir. Bu,
imkan verəcək ki, həmin gənclər məsələyə daha məsuliyyətlə yanaşsınlar.
Ailədə
məişət zorakılıqları olarsa, tərəflər psixoloji yardıma yönəldirə bilər
ki, hadisə təkrarlanmasın və boşanmaya gətirib çıxarmasın. Sosial
problem varsa, aradan qaldırılması üçün addımlar atılmalıdır. Ailədə
tərəflərin bir-birini başa düşmək problemi olanda, daha çox psixoloq
yardım edə bilər. Boşanmanın qarşısının alması üçün preventiv addımlar
atıla və məsləhət xararakterli sənədlər qəbul edilə bilər”.
Komitə
rəsmisi qeyd edib ki, boşanma ərəfəsində olan ailəyə psixoloji yardım
etməklə müəyyən faiz boşanmanın qarşısını almaq olar. Lakin nikaha daxil
olan gəncləri psixoloji təlimlərə göndərməklə onların bu məsuliyyətə
hazır olub-olmadıqları müəyyən etmək mümkündür.
"Onlar ailə
qurmağa hazır olub-olmadıqlarını bilməli, məsuliyyət hiss etməlidirlər.
Araşdırılmalıdır ki, bu, bir ay ərzində tanışma və ya internet
görüşməsindən gələn qərardır, yoxsa yob? Biri var ki, tərəflər nikaha
daxil olana qədər hər hansı problemi həll edə bilirlər, bir-birilərinə
can deyib, can eşidirlər. Biri də var, nikaha daxil olurlar və birinci
problemlə rastlaşırlar və 3 ay, 7 ay sonra boşanırlar. Belə olan halda
ailənin saxlanılmasına diqqət edilir. Tərəflərin birgə yaşayışı
mümkünsüz olursa, o zaman sülh şəraitində ayrılmaları əsas götürülür.
Uşaq varsa onun proseslərdən təsirlənməməsi ən vacib məqamlardan olur”./azvision.az