Xəzər Xəbər

20 Yanvar günü bu yollar bağlanacaq

Cəmiyyət | 13:10 • 19 Yanvar 2018
20 Yanvar günü bu yollar bağlanacaq

Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov XəzərXəbər-ə bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşına həkk edilmiş 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək mərasimlə əlaqədar Parlament prospekti istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Bununla əlaqədar, yanvarın 20-də səhər saat 8.00-dan şəhidlərin xatirəsini yad edən hərəkat iştirakçılarının rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədilə Mehdi Hüseyn küçəsi, Teleteatr 1 ünvanından, yəni, Teleteatr binasının yanından, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsindən, Mətbuat prospekti Mikayıl Müşfiq dairəsindən, eyni zamanda, Milli Məclisin inzibati binasının arxasından - İzzət Nəbiyev-Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti-Şəhidlər xiyabanı istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tədbir başa çatana qədər bu istiqamətdə avtomobillərin hərəkətinin mümkünsüzlüyünü nəzərə alaraq əhalidən, avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, alternativ yollardan istifadə etsinlər, ziyarətə gələnlər isə ictimai nəqliyyata üstünlük versinlər.

Xəbər lenti

Çox oxunanlar