Bu gün Azərbaycanın
Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik
ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 26 il ötür.
XəzərXəbər xəbər verir ki, 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin zəbt
olunması ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.
İşğal
gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan
Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə
dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup
əsgərləri tərəfindən təşkil olunub.
Xankəndi istiqamətindən
Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan
hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son
nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir
müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində
dinc əhali qəsəbədən çıxarılıb.
İşğaldan əvvəl əhali 350 ailə
təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq
bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb
ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər
məişət-iaşə obyektləri dağıdılıb. Kərkicahan və ətraf ərazilər uğrunda
gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli
xəsarətlər alıblar. Şəhid olanlardan 3-ü qadın, 2-si azyaşlı uşaq olub.