Xəzər Xəbər

Azərbaycan alimləri tərəfindən ilk dəfə nar bitkisinin genomu oxunub

Cəmiyyət | 16:15 • 27 Dekabr 2017
Azərbaycan alimləri tərəfindən ilk dəfə nar bitkisinin genomu oxunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə nar bitkisinin molekulyar səviyyədə öyrənilməsi üçün elmi-tədqiqat proqramı hazırlanıb.

AMEA-dan xezerxeber.az-a bildirilib ki, həmin proqram çərçivəsində nar bitkisinin yerli xalq seleksiyası sortları və yabanı populyasiyalarının yayılma arealları müasir texnologiyalarla dəqiqləşdirilib, ilk dəfə molekulyar marker texnologiyası ilə 85 yerli nar sortunun yüksək genetik müxtəlifliyi genomda mikrosatellitlərarası lokuslar əsasında təsdiq edilib, kolleksiya nümunələrinin genetik qohumluq dərəcələri müəyyənləşdirilib. Bu böyük həcmli tədqiqatın nəticələri "Springer” nəşriyyatına daxil olan "Genetika” jurnalında çap üçün qəbul edilib. Nəhayət, aparılan məqsədyönlü araşdırmalar nəticəsində AMEA Genetik Ehtiyatlar İnstitutunun koordinatorluğu, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Avstraliya, Rusiya, Amerika Birləşmiş Ştatları və Misir alimlərinin birgə iştirakı ilə dünyada ilk dəfə "Azərbaycan gülöyşəsi” nar sortunun təxminən 350 milyon nukleotid cütündən ibarət nüvə genomu oxunaraq annotasiya olunub, ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzinin GenBank bazasında yerləşdirilib. Eyni zamanda, nar bitkisinin 6 orqan üzrə transkripsiya profili müəyyənləşdirilib. Ümumi həcmi milyardlarla nukleotid olan bu məlumatların həm ayrılıqda, həm də bir sıra digər bitkilərə (şaftalı, üzüm, evkalipt və s.) aid müvafiq məlumatlarla ilkin müqayisəli bioinformatik analizi bir sıra maraqlı və önəmli elmi faktlar üzə çıxarıb. Müəyyən edilib ki, nar bitkisinin nüvə genomunda 5485 gen ailəsinə daxil olan 51160 potensial gen mövcuddur. Nar, şaftalı, evkalipt və üzüm bitkilərinin zülal kodlaşdıran genlərinin müqayisəsi nəticəsində nar və evkaliptin təkamül baxımından daha yaxın olduğu aşkarlanıb. Bundan başqa, nar bitkisinin nüvə DNT-sində müxtəlif tip mikrosatellitlərin təkrarların genomda təxmini sayı və paylanmasının ümumi profili müəyyən olunub. Mikrosatellitlər üzrə bu məlumatlar nar bitkisinin mənşəyinin və biomüxtəlifliyinin öyrənilməsi, kəmiyyət və keyfiyyət əlamətlərinin (genlərinin) asossiativ xəritələşdirilməsi üçün daha geniş imkanlar açıb.

Hazırda nar genomu üzrə aparılmış tədqiqatların ən mühüm nəticələri əsasında çapa hazırlanan elmi məqalə yaxın vaxtlarda tanınmış beynəlxalq elmi jurnallardan birinə təqdim olunacaq.

Xəbər lenti