Xəzər Xəbər

Əksəriyyətimizin sirr saxladığı xəstəlik - 49 milyon insan bundan qurtulub

Cəmiyyət | 16:17 • 22 Dekabr 2017
Əksəriyyətimizin sirr saxladığı xəstəlik -

Koxun vərəm törədicilərini aşkarlamasından düz 135 il ötsə də və ötən müddətdə tibbin xeyli irəlilədiyi iddia olunsa da, görünən odur ki, xəstəlik yaratdığı risk təhlükəsi ilə hələ də dünyaya meydan oxumaqda davam edir.

Bu xəstəliyə qarşı illərdir mübarizə aparılmasına baxmayaraq, dünyada onun ləğvinə hələ də tam nail olunmayıb.

Problemin həllinin vacibliyini nəzərə alan Birləşmiş Millətlər Təşkilatı 2030-cu ilə gədər Davamlı İnkişaf üzrə təyin etdiyi məqsədlərdən birinin vərəmin global epidemiyasının ləğv edilməsi olduğunu açıqlayıb.

Xəstəlik hallarının 60%-i bu ərazilərdə baş verir

Hesablamalara görə, 2015-ci ildə ildə 10,4 million insan vərəm ilə xəstələnib ki, onların da 5,9 milyon (56%) nəfəri kişi, 3,5 milyon nəfəri (34%) qadın və 1 milyon nəfəri (10%) uşaq olub. Yeni xəstəlik hallarının 60%-i Hindistan, İndoneziya, Cin, Nigeriya, Pakistan və Cənubi Afrikanın payına düşür.
2000-2015 illər ərzində dünyada bu xəstəlikdən ölüm halları 22% azalıb və bu azalma hazırda da davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2010-cu ildən ölüm hallarının ən yüksək azalma tempi Şərqi Aralıq Dənizi və Avropa bölqəsində (ildə 6,5% və 6,2% müvafiq), ən zəif tempi isə Afrika regionunda (ildə 2,2%) müşahidə olunub.
ÜST problemin ciddiliyini nəzərə alaraq, ÜST ölkələri 2030-cu ilə qədər vərəmdən ölüm hallarının sayını 2015-ci illə müqayisədə 90%, vərəmlə xəstələnmə göstəricisini isə 80% azaltmağa çağırır.

Gizli saxlanılan xəstəlik

ÜST-nin Avropa regionun məlumatlarına əsasən, vərəm hallarının çoxu, yəni 45 faizi 25-44 yaşlı insanların payına düşür. Əslində, xəstəliyin bu yaşda olan gənclər arasında yayılmasına bir təsadüf kimi də yanaşmaq olmaz. Bu gün cəmiyyətdə vərəmə qarşı güclü stiqmanın olması, gənc yaşda xəstəliyə yoluxanların öz xəstəliyini gizlətməyə cəhd etməsi onun qarşısını almağa mane olan ən əsas səbəblərdən biri hesab edilə bilər.

Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova da Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda vərəmli xəstələrə qarşı münasibətdə çox böyük stiqma var. Buna görə də Azərbaycanda vərəm xəstələri öz xəstəliklərini aşkarlamağa maraq göstərmir, xəstəliklərini qapalı saxlamağa daha çox üstünlük verirlər. Bu hal daha çox cavanlar, xüsusilə də qızlar arasında müşahidə edilir: "Ailəsində vərəm xəstəsi olan insanların çoxu elə fikirləşir ki, onların ailə üzvlərindən birinin xəstə olduğu məlum olarsa, qohum-qonşu onlardan üz döndərəcək. Onlar ailələrində vərəm xəstəsi olmasını ailənin rüsvayçılığı hesab edirlər. Belə stiqmaya görə də vərəm xəstəsi olan şəxs xəstəliyini gizli saxlayır və müalicə üçün birbaşa həkim-ftiziatra deyil, vərəmin müalicəsi ilə tam məşğul ola bilməyən digər həkimlərə müraciət edirlər”.

Azərbaycana gəldikdə...

Mütəxəssislər ÜST-nin məlumatlarına əsaslanaraq, belə hesab edirlər ki, Azərbaycan dünyada vərəmin ən az yayıldığı ölkələrdən biri sayıla bilər.
ÜST-nin Avropa Regional Bürosunun məlumatına əsasən, Azərbaycanda hər 100 000 əhali arasında qeydə alınan yeni vərəm halları 2010-2016-cı illərdə xeyli azalıb.

2010-cu ildə Azərbaycanda hər 100 000 əhali arasında vərəmlə xəstələnmə göstəricisi 53,4 nəfər (ağciyər vərəmi ilə xəstələnmə göstəricisi 42,6 nəfər, ağciyərdən kənar vərəmlə xəstələnmə göstəricisi 10,7 nəfər) olduğu halda, 2016-cı ildə bu göstərici 38,9 nəfər (ağciyər vərəmi ilə xəstələnmə göstəricisi 29,9 nəfər, ağciyərdən kənar vərəmlə xəstələnmə göstəricisi 9) olub.

İ.Axundova bildirib ki, Azərbaycanda vərəmlə bağlı epidemioloji göstəricini yaxşı saymaq olar.

Onun sözlərinə görə, ölkədə vərəmdən ölüm hallarının azalması da bunu bir daha təsdiq edir. 2012-ci ildə Azərbaycanda hər 100 000 nəfər əhali arasında ölüm göstəricisi 4,1 nəfər olduğu halda, 2016-cı ildə bu göstərici 3,8 nəfər olub. Ölkədə yeni vərəm hallarının da sayı azalmaqdadır. Yalnız 2011-2015-ci illər arasında vərəmdən ölüm hallarınını sayı 8.3% azalıb.

Yeri gəlmişkən qeyd edək ki, ÜST Azərbaycanda vərəmin müalicə nəticələrini də yaxşı dəyərləndirir.

ÜST-nin məlumatlarına görə, həssas vərəminin müalicəsinin nəticə hədəfi 85% olduğu halda, Azərbaycanda bu rəqəm 83% olub. Bu da çox ölkələrdən - Gürcüstan, Litva, Moldova, Ermənistan, Ukrayna və Rusiyadan yaxşı göstərici hesab edilir. Eyni zamanda, dərmanlara davamlı vərəminin müalicəsinin nəticə hədəfi 75% olduğu halda, Azərbaycanda bu hədəf 59% olub. Bu da çox ölkələrdən - Gürcüstan, Litva, Moldova, Ermənistan, Ukrayna, Rusiya, Qırğısıstan, Belarus, Bolqariya, Rumıniya, Turkmənistandan yaxşı göstərici sayılır.

İ.Axundova bildirib ki, bu göştəricinin artırılması üçün ölkədə Milli Vərəm Proqramı və Səhiyyə Nazirliyi tərəfindən digər vacib tədbirlər həyata keçirilir.

Vərəmə yoluxmağı əsla xəstəlik saymayın!

Vərəmlə bağlı vacib məsələlərdən biri də insanlar arasında məlumatlandırma səviyyəsinin artırılmasıdır. Bəzi insanlar məlumatsız olduqlarından bu xəstəliyi ölümlə nəticələnən ağır xəstəlik sayırlar. Ancaq faktlar onu göstərir ki, əslində belə deyil.

Məlumat üçün əvvəlcə bildirək ki, yoluxucu xəstəlik olan vərəm xəstəliyi vərəm mikrobakteriyaları tərəfindən törədilir. İnsanlarda vərəm xəstəliyini 92% hallarda insan növü M. Tuberculosis, 5% və 3% hallarda M. bovis, M. africanum törədir.

İnsanın vərəm xəstəliyinə yoluxması 90-95% hallarda tənəffüs yolları vasitəsilə -aerogen yolla (hava -damcı, hava-toz), bir qədər az hallarda mədə -bağırsaq yolu - alimentar yolla baş verir.

Yoluxma bəzən zədələnmiş dəri və selikli qişa, gözün konyuktivası, badamcıqlar vasitəsilə də (kontakt yol) baş verir. Xəstəliyin transplasentar yoluxması nadir hallarda vertikal yolla da mümkündür.

Vərəm ciddi müalicə tələb edən xəstəlik olsa da, əslində vərəmə yoluxmağı xəstəlik saymaq olmaz. Çünki tam kurs müalicə ( xəstəliyin formasından asılı olaraq, 6 aydan minimum 24 aya qədər) aparıldıqda vərəm tam sağalır və ondan azad olmaq olar. Nəzərə almaq lazınmdır ki, vərəmin müalicəsində əsas məsələ müalicə kursunu tam şəkildə sona çatdırmaqdır.

ÜST-nin məlumatlarına görə, 2000-2015 illər ərzində dünyada 49 milyon insan vərəmdən müalicə alaraq sağlam həyata qayıdıb və özünü xilas edib.
Elə bu göstərici xəstəliklə bağlı nikbinlik yaradır.

Azərbaycanda inanların vərəm xəstəliyinə fəqli münasibət göstərdikləri qənaətində olan psixoloq Elnarə Quliyeva hesab edir ki, vərəm xəstələrinə güclü psixoloji dəstəyin göstərilməsi onların müalicəsi üçün olduqca əhəmiyyətli olar. Psixoloqlar belə xəstələrlə söhbət apararaq onların beyninə vərəmin sağalan xəstəlik olması fikrini yeritməli, xəstələrdə özünə inam hissi yaratmalı, özünə qapanmış xəstələrin cəmiyyətə inteqrasiyasına yardım göstərməlidirlər:

"Xəstələr bu dəstək sayəsində özünü daha güclü hesab edər və müalicəsini də yarıda qoymazlar. Hər bir vərəm xəstəsi yaddında saxlamaldır ki, o, vərəmə yoluxan ilk insan deyil və dünyada bu xəstəlikdən sağalan milyonlarla insan var. Bunun üçün xəstələr yalnız güclü iradəyə və sağlam düşüncəyə malik olmaldırılar. Xəstənin ətrafındakılar - cəmiyyət üzvü olaraq, hər birimiz də belə sağlam düşüncəyə sahib olaraq, onların sağalmasına yardım göstərməliyik”.

Xəbər lenti