Azərbaycanda indiki
nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün
qız çatışmazlığı problemi ilə üzləşə bilər.
XəzərXəbər xəbər verir ki, bunu Trend-ə BMT Əhali Fondunun dəvət edilmiş eksperti, ABŞ-ın
Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı
Monika Das Gupta deyib. Onun sözlərinə görə, Azərbaycan dünyada
uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək
göstəriciyə malikdir:
"Çində cins nisbətinin pozulması prosesi
Azərbaycanla müqayisədə daha tez başlayıb. Burada 1980-ci illərin
sonundan doğulan oğlan uşaqlarının sayı çoxalmağa başladı. Nisbətin
pozulmasının "pik dövrü” 13 il davam etdi. Son vaxtlara qədər Çində hər
100 oğlana 120 qız düşürdü. Lakin indi artıq oğlanların sayı azalmağa
başlayıb və bu göstərici 116-ya enib. Cins nisbətinin pozulduğu illərdə
doğulan oğlanlar ailə həyatı qurduqda onlar üçün kifayət qədər qız
çatışmazlığı problemi yaranacaq. Hesablamalar göstərir ki, Çində cins
nisbətinin pozulması 2030-cu ilə qədər davam edərsə, hər 5 kişidən 1-i
üçün qadın tapılmayacaq. Nəticədə də oğlanlar məcbur olacaqlar ki,
xarici qızlarla ailə həyatı qursunlar”.
M.Das Gupta əlavə edib ki, Azərbaycanda cins nisbətinin pozulması prosesi Çinlə müqayisədə daha gec başlayıb.
O
qeyd edib ki, Azərbaycanda 1990-cı ildən sonra doğulan oğlan
uşaqlarının sayı çox sürətlə artmağa başlayıb. Ölkədə cins nisbətinin
pozulmasına görə ən pik vəziyyət 2001-2002-ci illərdə olub:
"Lakin
Çinlə müqayisədə Azərbaycanda problemin "pik dövrü” çox qısa olub. İndi
Azərbaycanda doğulan oğlan uşaqlarının sayı azalır, amma bu göstərici
çox asta-asta düşür. Tövsiyə olunur ki, həmin sayı daha sürətlə aşağı
salasınız”.
M.Das Gupta bildirib ki, hazırda Azərbaycanda hər 100
qıza təxminən 114 oğlan uşağı düşür: "Əgər müvafiq tədbirlər görülməsə,
mövcud rəqəmlər olduğu həddə qalacaq, bu nisbət bəlkə daha da arta
bilər”.
M.Das Gupta əlavə edib ki, Azərbaycanda kişilərin
rastlaşacağı problem Çindəki kimi olmaya bilər: "Çin çox böyük
dövlətdir. Çinin elə kəndləri var ki, orada evlənmək istəyən, amma qız
çatışmazlığına görə subay qalan kifayət qədər çox kişi yaşayır. Daha çox
Çinin orta hissəsində yaşayan belə kişilər məsafə uzaq olduğundan
evlənmək üçün qonşu ölkələrə də gedə bilmirlər. Azərbaycan isə kiçik
ölkədir və Türkiyə, İran,
Rusiya ilə həmsərhəddir. Həmin ölkələrdə cins nisbəti ilə bağlı
problemlər yoxdur. Bu, o deməkdir ki, kifayət qədər çox sayda qadın
xaricdən Azərbaycana gələrək burada ailə qura bilər. Amma kişi yalnız öz
milliyətindən olan qadınla evlənmək istəyərsə, evlənmə ilə bağlı
çətinliklər yarana bilər”.
Qeyd edək ki, dünyaya gələn uşaqların
cins nisbəti bioloji normaya uyğun olaraq, 105-107 təşkil edir, yəni heç
bir xarici müdaxilə olmadığı tədqdirdə doğulan hər 100 nəfər qız
uşağına 105-107 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən
Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir.
BMT
Əhali Fondunun müvafiq proqnozlarına görə, əgər doğulan uşaqların cins
nisbəti davamlı olaraq, 116 və ya daha artıq olarsa, 2050-ci ilə qədər
hər il 12000-15000 daha çox oğlan uşağı doğulacaq.