Xəzər Xəbər

Elektrik qatarları yenidən işə düşür

Cəmiyyət | 10:20 • 9 Dekabr 2017
Elektrik qatarları yenidən işə düşür

Məlumatlara görə, Bakıətrafı qəsəbələrə elektrik qatarlarının bərpa edilməsi istiqamətində işlər aparılır. Abşeron və şəhərətrafı qəsəbələrə gedən elektrik qatarlarının relsləri bərpa olunur. Yaxın gələcəkdə eletrik qatarlarının işə düşməsi gözlənilir.

Qeyd edək ki, Milli Məclisin noyabrın 22-də keçirilən iclasında deputat Çingiz Qənizadə Bakıda tıxacların aradan qaldırılması üçün elektrik qatarlarının bərpa edilməsinin vacibliyini qeyd edib. Deputat bildirib ki, elektrik qatarlarının bərpası həm də ekoloji durumun yaxşılaşmasına səbəb olacaq. Ç.Qənizadə hesab edir ki, elektrik qatarlarının bərpası turizmin inkişafına da müsbət təsir göstərə bilər.

Ekspertlər də təşəbbüsü günün tələbi kimi dəyərləndirirlər. Belə ki, elektrik qatarları ictimai nəqliyyatda yaşanan problemlərin həllinə kömək etmiş olacaq. Yollardakı sıxlığı aradan qaldırmaqla yanaşı, ucuz və ekoloji baxımındna sərfəli nəqliyyat növü hesab olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, indiki parametrlərə görə elektrik qatarlarının bərpası sərfəli olardı: "Həm ucuz nəqliyyat növüdür, həm də vaxt itkisi olmur. Bundan başqa, Bakıətrafı qəsəbələrə gedən nəqliyyat axınını bir qədər azaltmış olar. Bunlarla yanaşı, ekoloji baxımdan da sərfəlidir. Nəzərə alaq ki, dünyanın inkişaf etmiş ölkələrində də elektrik qatarlarından, tramvaylardan geniş istifadə olunur. Elektrik qatarları vaxtı ilə Bakıda da fəaliyyət göstərib. İndi də bir çox parametrlərinə görə uğurlu layihə olardı. Əgər müasir texnologiyalar tətbiq ediləcəksə, bu, həmin nəqliyyat növündən istifadə edənlərin sayının kəskin artmasına gətirib çıxaracaq.

Əvvəllər Bakıətrafı qəsəbələrdə əsasən bağ evlərinə gedən insanlar idi. İndi isə şəhərimiz böyüyüb, qəsəbələrə hansısa fəsildə gedilmir. Artıq Bakıətrafı ərazilərdə ilboyu yaşayış formalaşıb. Belə vəziyyətdə elektrik qatarlarının bərpası uğurlu, insanların maraqlarına cavab verən təşəbbüs olardı”.

Xəbər lenti