Dövlət başçısının
tövsiyə və tapşırıqlarına əsasən "Azəravtoyol” ASC avtonəqliyyat
vasitələrinin və vətəndaşların rahat gediş-gəlişini təmin etmək
istiqamətində apardığı kompleks tədbirlər çərçivəsində uzun müddət
istismar olunan və əsaslı şəkildə təmir olunmayan respublikanın
avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğramış və
dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.
"Azəravtoyol”dan
XəzərXəbər-ə verilən məlumata görə, bu çərçivədə həm turizmin inkişafı baxımından,
həm də vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi
əhəmiyyətə malik olan Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır.
Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən
sözügedən yolun ümumi uzunluğu 23 km təşkil edir. 2 hərəkət zolaqlı olan
yolun ümumi eni 12 metrdir. Bura 7,5 m enində yolun hərəkət hissəsi və
2,25 m enində çiyinlər daxildir.
Sözügedən yolun 12 km-lik
hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər ərazilərdə isə
asfaltlama işləri davam etdirilir. Bundan başqa yeni yol yatağı və yol
əsası inşa edilir, kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün
döşənməsi üçün hazırlıq görülür.
Ümumilikdə layihə çərçivəsində
yolun 170 min kvadratmetr sahəsinə 2 qat olmaqla 12 sm qalınlığında yeni
asfalt-beton örtüyü döşənəcək. İşlər zamanı yolun 12 km-də yerləşən
körpünün də təmir olunması nəzərdə tutulub.
Təmir-bərpa işləri
yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanı və məlumatverici
lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi
işləri aparılacaq.
Qeyd edək ki, Quba-Xaçmaz avtomobil yolunun bərpa olunması ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin
olunmaqla yük və sərnişin daşınması xeyli asanlaşacaq.