Xəzər Xəbər

Bakıda iki-üç mərtəbəli yollar olacaq?!

Cəmiyyət | 13:35 • 6 Dekabr 2017
Bakıda iki-üç mərtəbəli yollar olacaq?!
Azər Allahverənov: "Tıxac problemi yaşayan böyük ölkələrdə bu üsul problemin qarşısını müəyyən qədər almağa kömək edir”

Natiq Cəfərli: "Mərtəbəli yollarla yanaşı, tunellər haqqında da düşünmək olar”

Sürücülük mədəniyyəti aşağıdır. Bakıda avtomobil çoxdur. Yolların vəziyyəti yaxşı deyil...Adətən bunlar paytaxtda tıxacın səbəbləri kimi göstərilir. Ancaq reallıq da onu göstərir ki, səbəblər tək bunlar deyil. Son illər isə ölkəmizin maliyyə imkanlarını nəzərə alaraq, təkliflər sırasına mərtəbəli yolların inşası da əlavə edilib. Dünyada bir çox meqapolislər bu varinatdan istifadə edirlər.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, tıxac problemi yaşayan böyük ölkələrdə bu üsul problemin qarşısını müəyyən qədər almağa kömək edir: "Nəzərə alaq ki, tıxac əsasən kəsişmələrdə baş verir. Məhz həmin yerlərdə yolların bölünməsini həyata keçirmək olar. Yəni yolların bəzi hissələrində bu təcrübədən istifadə etmək mümkündür. Ancaq bunun üçün də həmin ərazilərdə şərait olmalıdır.

Bütün hallarda mühəndislərin qərarları daha vacibdir. Yəni, bu üsulun dolayısı ilə tıxacın aradan qaldırılmasına müsbət təsiri var. Lakin Bakı şəhərində tıxacların yaranmasının digər səbəbləri də var. Məsələn, qeyri-qanuni park etmək hallarına qarşı ciddi mübarizə aparılmalıdır. Yəni, indiki şəraitdə mərtəbəli yollar salmaqdansa, tıxacı yaradan səbəblərlə mübarizə aparmaq daha məqbuldur. Mərtəbəli yolların inşası üçün yolun imkanları hesablanmalıdır. Ən əsası, tıxacın yaranma səbəbləri müəyyən edilməlidir. Tıxacın səbəbi tamamilə başqa amillərlə bağlı ola bilər. Bu zaman isə mərtəbəli yollar tıxac problemini həll etməyəcək. Bunlarla yanaşı, görüləcək işlərdən biri də sürücülərin maarifləndirilməsidir”.

İqtisadçı-ekspert Natiq Cəfərli də təklifi məqbul hesab edir: "Mərtəbəli yollar vasitəsi ilə bir çox şəhərlərdə tıxac problemi həll olunub. Tokio, Pekin, Honq-Konqu misal göstərə bilərik. Bakıda da bu təcrübədən istifadə etmək mümkündür. Sadəcə, nəzərə alaq ki, bu, kifayət qədər bahalı layihələrdir. Bunun həyata keçirilməsi üçün zaman da ehtiyac var. Çünki qısa zaman ərzində başagələcək məsələ deyil”.

İqtisadçı əlavə etdi ki, mərtəbəli yollarla yanaşı, tunellər haqqında da düşünmək olar: "Bir vaxtlar fikirlər səsləndi ki, "20 yanvar” dairəsindən Tbilisi prospekti istiqamətindəki tıxacı aradan qaldırmaq üçün tunel tikilsin. Ümumiyyətlə, bütün istiqamətlərdə layihələri dəyərləndirmək olar. Hansı daha ucuz və təhlükəsiz başa gələcəksə, onu reallaşdırmaq lazımdır. Çünki tunel və mərtəbəli yollar tıxacdan çıxış üsullarından biridir. Bütün Bakı şəhərində yox, əsasən mərkəzdəki tıxacı aradan qaldırmaq üçün tətbiq olunacaq yanaşmadır”.

Xəbər lenti