Cocuq Mərcanlıda əhalinin məşğulluğunun dəstəklənməsi məsələlərinə dair müşavirə keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən
XəzərXəbər-ə verilən məlumata görə, ƏƏSMN Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı
kəndində yerli əhalinin səmərəli məşğulluğuna əlavə dəstək verilməsi,
xüsusən kənddə özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi
fəaliyyət növləri üzrə fərdi təsərrüfatların qurulması üçün aktiv
məşğulluq tədbirlərinə hazırlıq işləri aparır.
Bununla bağlı ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Cocuq Mərcanlı
kəndində bu kəndin və ətraf ərazilərin yerli əmək resurslarının
məşğulluğunun təminatı ilə əlaqədar görüləcək işlərin müzakirəsinə həsr
olunmuş müşavirə keçirilib.
Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
ölkəmizin hərbi gücünün artırılması üçün həyata keçirdiyi uğurlu
siyasət nəticəsində dünyada qüdrətli ordulardan biri olan Azərbaycan
Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı parlaq tarixi qələbə
minlərlə hektar torpağın işğaldan azad olunması ilə yanaşı, Cocuq Mərcanlı kəndində də təhlükəsiz yaşayışın bərpasına imkan verib. Dövlət başçısının 2017-ci il 24 yanvar tarixli Sərəncamına əsasən, Cocuq Mərcanlı
kəndində aparılan böyük bərpa-quruculuq işləri burada müasir tələblər
səviyyəsində yaşayış şəraitinin yaradılmasına, kəndin gözəl evləri və
məktəbi, uşaq bağçası, məscidi, bütün infrastrukturu, daimi suyu,
elektrik enerjisi, təbii qazı, asfalt yolları olan müasir və abad bir
yaşayış məntəqəsinə çevrilməsinə səbəb olub.
Müşavirədə ƏƏSMN
yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli aktiv
məşğulluq tədbirlərinin təşkili zamanı işğal altında olan rayonlar üzrə
işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatının daim diqqətdə
saxlandığını, bu sahədə məqsədyönlü işlərin aparıldığını qeyd edib:
"Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq
tədbirləri nəticəsində bu ilin yanvar-oktyabr aylarında 43 746 nəfər
işsiz və işaxtaran şəxs münasib iş yerləri, 919 nəfər haqqı ödənilən
ictimai işlərlə təmin olunub. Xidmətin xətti ilə 2 920 nəfər üçün əmək
bazarında rəqabətə davamlı peşələr üzrə peşə hazırlığı və əlavə təhsil
kursları təşkil olunub”.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin
7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, icra olunan
özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin məşğulluq, eləcə də
gələcəkdə kiçik ailə biznesinə çıxış imkanlarına malik olmalarında
mühüm rol oynayır. Proqram çərçivəsində cari ildə 1 153 nəfərin ailə
əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurmaları üçün aktivlərlə (mal
və materiallarla) təminatı həyata keçirilib. Onlar verilmiş aktivlərdən
səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə
əsaslanan təsərrüflarını gözlənilən səviyyədə qura biliblər.
Növbəti
ilin əvvəlindən ölkəmizdə "İşsizlikdən sığorta haqqında” Qanunun
tətbiqinə başlanacaq. İşsizlikdən sığorta sisteminin formalaşması
işsizlikdən sığorta olunanların itirilmiş əməkhaqlarının
kompensasiyasına, onların sosial-iqtisadi mənafelərinin dolğun
təminatına imkan verməklə, aktiv məşğulluq tədbirlərinin, xüsusən
özünüməşğulluq proqramının xeyli genişlənməsinə səbəb olacaq.
İşsizlikdən sığorta fondunun xərclərinin 35,8 milyon manatının və ya 40
faizinin məhz özünüməşğulluq tədbirlərinin təşkilinə yönəldilməsi
proqnozlaşdırılır. Bu da özünüməşğulluq proqramına cəlb olunanların
sayının dəfələrlə artırılmasına səbəb olacaq.
Eyni zamanda, proqramın Cocuq Mərcanlı
kəndini də əhatə etməsi, bu kəndin əhalisinin həmin proqramdan
faydalanmalarına, bununla öz ailə gəlirlərini artırmalarına,
sahibkarlığa çıxış imkanları əldə etmələrinə əlverişli şərait
yaradılması diqqətdə saxlanılır.
Müşavirədə Cocuq Mərcanlı
kəndində və ətraf ərazilərdə yerli əmək bazarının vəziyyəti, mövcud
məşğulluq sahələri, əmək resursları, aktiv əmək bazarı proqramlarının, o
cümlədən özünüməşğulluq proqramının icrası üçün yerli potensial və s.
ilə bağlı geniş müzakirələr aparılıb, aidiyyəti üzrə təkliflər verilib.
Qeyd
olunub ki, hazırda bu kənddə yerli iqtisadiyyat əsasən əkinçilik və
heyvandarlıq üzərində qurulub. Kənd sakinlərinin bu ənənəvi fəaliyyət
sahələri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurmaları,
eləcə də mövcud təsərrüfatlarını genişləndirmələri özünüməşğulluq
proqramı vasitəsilə dəstəklənəcək. Eyni zamanda, Cocuq Mərcanlı
kəndində yerli sakinlərdən öz doğma kəndlərində müxtəlif ictimai-iaşə
xidmətlərinin göstərilməsi üçün fərdi təsərrüfatlar, istehsal və ya emal
yönümlü müəssisələr qurmaq istəyənlərin özünüməşğulluq proqramına cəlb
edilməsi təmin olunacaq. Müvafiq hallarda seçdikləri fəaliyyət
növlərində zəruri peşə bacarıqlarına yiyələnmələri üçün onların peşə
hazırlığına cəlb olunmalarına da imkan yaradılacaq.
Ümumilikdə,
bu kənddə əhalinin səmərəli məşğulluğunun artırılması üçün məqsədyönlü
işlər aparılacaq. Bu tədbirlər həm yerli sakinlərin məşğulluğunun
artırılmasına, həm də ərazidə iqtisadi həyatın daha da canlanmasına,
kiçik sahibkarlığın genişlənməsinə əlavə dəstək olacaq.