Son zamanlar kişilər arasında corabsız ayaqqabı geyinmə dəbi yayılıb. Çoxları bunu dəb xatirinə geyinir. Amma mütəxəssislər corabsız ayaqqabı geyinməyin çox ciddi zərərləri olduğuna dair xəbərdarlıq edirlər.
XəzərXəbər xəbər verir ki, dermatoloq Elçin Sadıqov ailem.az-a bildirib
ki, ayaqqabı corabsız geyilən zaman qabar və qızartı ilə başlayan
göbələk infeksiyalarının yaranma ehtimalı daha yüksəkdir: "Çünki
ayaqqabının içi ayaqdakı nəmi tam olaraq əmmədiyindən bakteriyaların
çoxalması üçün münbit şərait yaranır. Ayaqda bədənin hər yerindən daha
çox tər vəzi olduğu üçün hər gün təxminən yarım litr tər istehsal
edirik. Corab isə ayaqqabı ilə ayaq arasında bir baryer yaradır, təri
əmir və ayaqqabının iylənməsinin qarşısını alır. Ayaqqabını corabsız
geyindikdə isə ayaq nəm qalır və bu, ciddi göbələk infeksiyalarının
yaranmasına səbəb olur. Üstəlik ayaqqabıların hazırlanma materialı,
haradan gətirildiyi məlum olmadığı üçün bu tip xəstəliklər daha geniş
yayıla bilər. Hazırda istehsal edilən ayaqqabıların çoxunun içində nəfəs
almayan sintetik bir material istifadə olunur. Ayaqqabının iç astarı
nəfəs almadığında nəm, isti və bakteriyalar ayaqqabının içində qalır.
Göbələk infeksiyaları ayaqqabıları və corabları tez-tez dəyişdirmədikdə
də yaranır".
E. Sadıqov məlumat verdi ki, ayaqda göbələk olan zaman xırda suluqlar,
qabıqlanma, dəri soyulması, tərləmə, pis qoxu və sair kimi əlamətlərə
rast gəlinir: "Bu əlamətlər olan zaman ev şəraitində göbələyi müalicə
etməyə çalışmasınlar. Həkimə müraciət etsinlər. Həkim müdaxiləsi ilə
göbələk müalicə olunan bir xəstəlikdir".
Ayaqqabıların içində zərərli bakteriyaların yaranmasının qarşısını almaq
üçün onu ən azı 48 saat havalandırmaq lazımdır. Bundan başqa quru çay
paketləri də ayaqqabıların içindəki nəmi almaq üçün bir başqa vasitədir.
Ayaqqabının içinə gecədən quru çay paketləri qoyub sabaha qədər
saxlayın ki, nəmi özünə çəksin.
milli.az