Xəzər Xəbər

Xəstəxanada 8 saatlıq çətin əməliyyat: atadan oğula orqan köçürüldü

Cəmiyyət | 16:20 • 16 Noyabr 2017
Xəstəxanada 8 saatlıq çətin əməliyyat:

Azərbaycan cərrahları daha bir əməliyyatı uğurla icra ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, həmin əməliyyatı nazirliyin Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin mütəxəssisləri aparıblar.

Xəstəxananın şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru M.Kazıminin verdiyi məlumata görə, əməliyyat zamanı uzun illər sirrozundan əziyyət çəkən 17 yaşlı pasiyent R. Bəşirova qaraciyər köçürülüb.

Əməliyyatın unikallığı ondan ibarət olub ki, xəstənin yeganə donoru olan atasının qaraciyərinin sağ payında ciddi anatomik anomaliya müşahidə edildiyindən ciyərin həmin payından istifadə etmək mümkün olmayıb. Xəstənin vəziyyəti getdikcə ağırlaşaraq onu koma halına salıb. Operativ vəziyyətdə yeganə donor olan atanın qaraciyərinin sol payını köçürmək barədə qərar verilib. Bu, texniki cəhətdən olduqca çətin və ağır əməliyyatdır, çünki sol payda iki arterial damar keçir və onların həcm ölçüləri uyğun gəlməlidir.

Həmin ehtimallar təhlil edilərək xəstənin həyatı göstərişləri öyrənilib və əməliyyat aparılıb. Cərrahiyyə masasında 8 saat davam edən əməliyyat texniki çətinliklər hesabına başa gəlsə də, uğurla nəticələnib.

Xəstə və donorun müalicəsi başa çatandan sonra onların hər ikisi evə buraxılıb.

Xəbər lenti