İsmayıllının Lahıc
qəsəbəsi ölkəmizin qədim və tarixi yerlərindən biridir. Bu qəsəbənin
tarixiliyi, dağlıq ərazidə yerləşməsi və gözəl təbiəti turistləri özünə
daha çox cəlb edir. İl ərzində yüz mindən çox turistin Lahıca səfər
etdiyi bildirilir. Burada yalnız yay mövsümündə deyil, ilin istənilən
fəslində əcnəbi turistə rast gəlmək olar.
Lahıca səfərimiz zamanı Alice xanımla həmsöhbət olduq. O, İsmayıllıya
anası ilə birlikdə İtaliyanın Florensiya şəhərindən gəlib. Qonaqlar
Lahıcda ilk dəfə olduqlarını, qəsəbəni çox bəyəndiklərini dedilər.
Qəsəbənin qədim tarixi və sənətkarların əl işləri onların marağına səbəb
olub.
Lahıcda
demək olar ki, addımbaşı sənətkarlıq məhsulları və təbii bitkilər
satılan mağazalara rast gəlmək mümkündür. Suvenir satışı ilə məşğul olan
qəsəbə sakini Şamama xanım havalarınn
soyuması ilə əlaqədar turistlərin sayının azaldığını deyib. Onun
sözlərinə görə, yay fəslində qəsəbəyə gələn turistlərin sayı çox olur,
nəinki indi...
Lahıca xarici turistlərin axını ilə əlaqədar yerli
sakinlər, xüsusilə də satış işi ilə məşğul olanlar ingilis dilini
öyrənməyə məcbur olublar. Şamama xanım bildirib ki, mağaza sahibləri,
satıcılar xarici qonaqlarla ingilis dilində danışırlar.
Bundan
əlavə Lahıc qəsəbəsi Azərbaycanın misgərlik paytaxtı hesab olunur.
Qədim misgərlik ənənələrini bu gün də yaşadan sənətkarların yaşadığı
qəsəbədə məşhur sənətkarlardan biri Nəzər Əliyevdir. Sənətkar
emalatxanasında müxtəlif mis məmulatları hazırlayır.
Bizimlə söhbəti
zamanı bildirdi ki, onun əl işləri Lahıc qəsəbəsinə səfər edən turistlər
tərəfindən böyük maraqla qarşılanır. N.Əliyev yay fəslində hər gün
yüzlərlə turistin Lahıca səfər etdiyini deyib. Onun sözlərinə görə,
qəsəbədə yaşayanların yarıdan çoxu turizm hesabına dolanır. Turistlər
hədiyyə olaraq daha çox suvenirlər alırlar.
Lakin
turist səfərlərinin mövsümi xarakter daşıması Nəzər ustanın ailə
biznesinə də müəyyən qədər təsir. Bu sahədə fəaliyyətini genişləndirmək
və il boyu əl işlərinin hazırlanması ilə məşğul olub, daha çox qazanc
götürmək məqsədilə sənətkar "ABAD”a müraciət edib. Hazırladığı sənətkarlıq məhsullarını "ABAD”la əməkdaşlıq edərək satışa çıxarır.
Nəzər
usta əl işlərinin indiyədək bir çox sərgilərdə nümayiş etdirildiyini və
böyük rəğbətlə qarşılandığını sözlərinə əlavə edib.
"Bir çox
xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmişəm. Əl
işlərim Fransa, Avstriya və digər ölkələrdə nümayiş etdirilib. Həmçinin
ölkəmizdə keçirilən bir çox tədbirlərdə işlərim nümayiş olunub”.
Lahıcda olduğumuz zaman təsadüfən İsmayıllı
rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovla qarşılaşdıq.
Söhbət zamanı icra başçısı bildirdi ki, onun ata yurdu olan Lahıcda evi
var.
"Burada evimiz var. Tez-tez Lahıca baş çəkirəm. Yerli
sakinlər kimi mən də bazarlığa özüm gedirəm. Odunumu da özüm doğrayıram,
digər işləri də özüm edirəm. Qonşum görür ki, mənim onlardan heç bir
fərqim yoxdur. Bax, münasibətlər bu cür olmalıdır. Evimin hasarlarını
özüm hördüm. Həyətdə işləyirəm. Bu, zəhmətə alışmağımın göstəricisidir.
Hesab edirəm ki, hər bir insan belə olmalıdır”.
Lahıca gələn turistlərdən danışan başçı qeyd edib ki, ildə 100 minə yaxın turist qəsəbəyə səfər edir:
"Lahıca
hər gələn turist 3 manat xərcləsə, bu, orta hesabla gündəlik 15-20 min
manat edir. Elə vaxt olur ki, bu rəqəm daha çox olur. Lahıcın xüsusi
inkişaf planı olmalıdır. Bu, Azərbaycanda qədim sənətkarlığı qorumaq
üçün lazımdır”.
İcra başçısı Lahıcın təkcə Azərbaycanda deyil, bütün dünyada tanındığını söyləyib./azvision.az