Xəzər Xəbər

“Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlası nəşrə hazırlanır

Cəmiyyət | 17:05 • 16 Oktyabr 2017
“Dədə Qorqud yurdu – Naxçıvan”

Naxçıvanda Azərbaycan, rus və ingilis dillərində "Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlası nəşrə hazırlanır.

AMEA Naxçıvan Bölməsində yaradılmış işçi qrupunun uğurlu fəaliyyəti nəticəsində ərsəyə gələn atlasın hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 10 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Dədə Qorqudun alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramı”na əsasən qərara alınıb.

"Kitabi-Dədə Qorqud”la bağlı yeni atlasın redaksiya heyəti akademik İsmayıl Hacıyev (məsul redaktor), AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, Qədir Qədirzadə və Vəli Baxşəliyevdir. Tarix üzrə fəlsəfə doktoru Asəf Orucov, filologiya üzrə fəlsəfə doktorları Firudin Rzayev, Əkrəm Hüseynzadə və Rəşad Zülfüqarov, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli, Cəfər Əliyev, Fəxrəddin Eylazov da yeni atlasın tərtibçiləri sırasındadırlar.

"Dədə Qorqud yurdu – Naxçıvan” tarixi və etnoqrafik atlası üzərində iş aparılarkən oğuzların təsərrüfat həyatı, maddi-mədəniyyəti və bunların Naxçıvandakı izləri xüsusilə diqqət mərkəzində olub. Atlasda, həmçinin dastanda işlədilən geyim və bəzək adları, oğuzların yemək və içki növləri, dastanda adıçəkilən sənətlər və xalq nəqliyyat vasitələri, əkinçilik və maldarlıq sahələri, oğuz elinin idarəçilik sistemi, ailənin idarə olunması və dini inanclar kimi məsələlərə də diqqət yetirilib.

Qeyd edək ki, ötən illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi, diqqət və qayğısı ilə nəşr edilən ikicildlik "Naxçıvan Ensiklоpediyası”, Azərbaycan və ingilis dillərində işıq üzü görən "Naxçıvan abidələri ensiklоpediyası”, üçcildlik "Naxçıvan tarixi” çoxcildliyi, "Naxçıvanın tarixi atlası”, üçcildlik "Naxçıvan folkloru antologiyası”, "Naxçıvan teatrının salnaməsi”, ikicildlik "Naxçıvan Muxtar Respublikasının "Qırmızı Kitabı” və digər əhəmiyyətli nəşrlər elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. "Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlası da özünün elmi dəyəri ilə diqqəti cəlb edəcək.

Xəbər lenti