Xəzər Xəbər

Onlarsız yaşamağa dəyməzdi...

Cəmiyyət | 14:17 • 11 Oktyabr 2017
Onlarsız yaşamağa dəyməzdi...

11 oktyabr - Beynəlxalq Qızlar Günüdür. BMT-nin Baş Assambleyasının 2011-ci ilin dekabrında təsis etdiyi həmin gün qızların hüquqlarını tanıtmaq və onların üzləşdiyi çətinliklər barədə cəmiyyəti məlumatlandırmaq məqsədi daşıyır.


AZƏRTAC xəbər verir ki, həmin təqvim günü keçirilən "Çünki mən qızam” kampaniyasından sonra qeyd edilməyə başlanılıb. Kampaniya Beynəlxalq Yardım Təşkilatı Planı tərəfindən gender bərabərsizliyi və qız uşaqlarının hüquqlarının pozulması əleyhinə təşkil edilib.


Hazırda dünyada 1,1 milyard qız var. Ötən hər 10 dəqiqədə bir gənc qız şiddət qurbanı olur. Dünyada 10-19 yaşlı qızların sayı 600 milyondur. Ümumiyyətlə, dünyada 700 milyon qız 18 yaşa çatmamış nikaha daxil olub. Demək olar ki, bir çox ölkələrdə cinsi ayrı-seçkilik, qız uşaqlarının təhsil hüququ və səhiyyə xidmətlərindən məhrum edilməsi, erkən və məcburi nikahlar, şiddət, qız uşaqların abort edilməsi problemləri hökm sürür. Qız uşaqlarına qarşı haqsızlıq əleyhinə təsis edilmiş Beynəlxalq Qız Övladları Günündə hər il BMT-yə üzv dövlətlər, qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif tədbir, aksiya və kampaniyalar keçirilir.


Hər il bir mövzu ətrafında qeyd edilən bu günün cari ildəki şüarı "Qızlara səlahiyyət vermək: Təcili müdaxilə və dayanıqlılıq planlaması”dır.


Azərbaycanda qadınların sayı 4,9 milyondan çoxdur. Ötən il 74,6 min qız uşağı dünyaya gəlib. Təəssüf ki, ölkəmizdə də qız övladına münasibət birmənalı deyil. Cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər bəzən qızların ailədə arzuolunmaz övlad olmasına səbəb olur. Məhz həmin münasibət nəticəsində doğulan uşaqlar arasında cinsi nisbətin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, ölkəmizdə bu rəqəm 114 təşkil edir. Say nisbətinin pozulması gələcəkdə qarşısı çətin alınan bir sıra problemlər yarada bilər. Bununla əlaqədar bir çox qurumlar müxtəlif maarifləndirmə tədbirləri və kampaniyalar təşkil edirlər.


Məhəmməd Peyğəmbərin bir hədisində deyilir: "Qız övladları rəhmət, oğlanlar isə nemətdir. Allah nemətə görə sorğu-sual edər, rəhmətə görə isə mükafatlandırar”.


Doğrudan da onlarsız həyat çox mənasız olardı...

Xəbər lenti