Bakı Ekspo Mərkəzində Təhsil
Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil
("Education 2017”) sərgisi öz işinə başlayıb.
XəzərXəbər xəbər verir ki, sərgi 6-8 oktyabr tarixlərini əhatə edəcək.
Sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Ötən illərlə müqayisədə Təhsil Nazirliyinin
stendləri bu il daha geniş sahəni əhatə edəcək. Sərgi iştirakçılarına
"SABAH qrupları”, "Azərbaycan üçün öyrət”, "Bir” Tələbə-Könüllü
Proqramı”, "Maarifçi” Tələbə Kredit Fondu”, "Sağlam təhsil ̶ sağlam
millət”, "Məktəblinin dostu”, "Modul tipli məktəblər”, "Olimpiadalara
hazırlıq mərkəzi”, "Təhsildə informasiya və kommunikasiya
texnologiyaları”, "Məktəbəhazırlıq”, "Kitabxana”, "Təhsil” Respublika
İdman Mərkəzi”, "İçərişəhər ənənəvi incəsənət mərkəzi”, "Peşə Təhsili
üzrə Dövlət Agentliyi” və "Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri
təqdim ediləcək. Burada fəaliyyət göstərəcək lektoriyada mühazirələr
oxunacaq, startapçılar çıxış edəcək və təqdimatlar nümayiş olunacaq.
Səhnədə isə respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə
laureatları öz bacarıqlarını təqdim edəcək və milli rəqslər ifa
olunacaq.
Sərgidə Bakı
Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
Fransız-Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı
Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti,
Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dillər Universiteti və
ümumilikdə 14 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi
çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva,
Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr
universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini
təqdim edəcəklər.
Bu il Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin
sərgi çərçivəsində "Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar
təşkil olunacaq.
Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura,
magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə
proqramlar təqdim ediləcək. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali
təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul
prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran
suallara cavab almaq imkanı əldə edəcəklər.