Xəzər Xəbər

Növbəti Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı gözlənilən YENİLİKLƏR

Cəmiyyət | 15:19 • 5 Oktyabr 2017
Növbəti Formula 1 Azərbaycan

Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Trend İnformasiya Agentliyinə müsahibə verib.

XəzərXəbər müsahibəni təqdim edir:

- Nigar xanım, bu il keçirilən Formula 1 Azərbaycan Qran Prisi gözləntiləri doğrultdu?

- Əlbəttə, bu ilki Formula 1 yarışı həm bizim, həm də bütün Formula 1 fanatlarının gözləntilərini doğrultdu, hətta deyərdim ki, ondan artığı da oldu. Birinci yarış zamanı artıq şəhər trasında hansı problemlər yaşana bilər, nələrə daha çox diqqət yetirməliyik kimi məsələləri görmüşdük. Ona görə də ikinci yarış zamanı çalışdıq ki, təşkilatçılıq baxımından əlimizdən gələni edək ki, həm ölkəyə gələn qonaqlar, həm media nümayəndələri, həm şəhərimizin sakinləri üçün müəyyən dərəcədə rahatlıq yaradaq. Bu il bizim qiymət siyasətimiz də fərqli idi, yeni zonalarımız var idi. Gələn qonaqlar üçün, o cümlədən media nümayəndələri üçün xüsusi turlar təşkil olunmuşdu. Ona görə də nəticədə Azərbaycana gələn hər kəs razı getdi. Bunu biz özümüz demirik. Yarış zamanı qonaqlar arasında araşdırma apardıq və gördük ki, məmnunluq yüksəkdir. Digər tərəfdən yarışın özü də yaxşı keçmişdi, pilotlar aktiv idi, yarış zamanı maraqlı intriqa yaranmışdı və ona görə də dünya fanatları Bakı trasını yeni bir formada gördülər. Keçən il düşünürdülər ki, Bakı trası yenidir, ənənəvi traslar Formula 1 üçün daha yaxşıdır. Amma bizim yarışdan sonra həm Formula 1 rəhbərliyi, həm də fanatlar Bakı trasının çox ambisiyalı tras olduğunu dedilər. Bu baxımdan yarışın keçirilməsindən çox razıyıq.

- Formula 1 yarışının adı Avropa Qran Prisindən dəyişdirilərək Azərbaycan Qran Prisi edildi. Bu, yarışa olan marağa hər hansı bir şəkildə təsir etdimi?

- Ölkənin təbliği baxımından Formula 1 gözəl fürsət idi. Biz özümüz istədik ki, birinci yarışın adı Avropa Qran Prisi olsun. Çünki avropalıları daha çox cəlb etmək istəyirdik. Lakin ikinci dəfə qərar verdik ki, yarışın adı Azərbaycan Qran Prisi olsun. Düşünürəm ki, çox da uğurlu oldu. Azərbaycan Qran Prisinin adı dünya mətbuatında çox hallandı. Bilirsiniz ki, Formula 1 yarışıları 200 ölkədə yayımlanır və 500 milyona yaxın insan Formula 1-in təqvimini izləyir. Ona görə də Azərbaycan Qran Prisinin adının olması bizim üçün çox müsbət bir cəhət idi. Hətta yarış maraqlı olduğu üçün yarış zamanı 3 saat ərzində "Twitter"də Azərbaycan Qran Prisi həştəqi birinci yerdə idi. Siz düşünün, milyonlarla insan yazırdı, paylaşırdı. Azərbaycan həştəqi ilə "Twitter"də birinci yerdə olmaq nə qədər insan kütləsinə çatmaq deməkdir.

- Növbəti yarışmada yarış trekində hər hansı bir dəyişiklik gözlənilir?

- Trekin konfiqurasiyası dəyişməyəcək. Reqlamentə uyğun olaraq təhlükəsizliklə bağlı qərar olarsa, hansısa döngələrdə müəyyən dəyişiklik ola bilər. Lakin bu texniki baxımdan ola bilər, trekin özü isə dəyişmir. Bütün dünyada belə olur. Bakı treki çox uğurla qurulub. Həm İçərişəhəri, həm Bakının mənzərəsini göstərə bilirik. Ona görə də trekə dəyişiklik etməyi düşünmürük.

- Ötən il trek ərazisinə düşən qənbər daşların üzərinə çəkilən asfalt örtüyü sökülmüşdü, bu il isə sökülməyib

- Keçən il söz vermişdik ki, qənbər daşlar olan yolu əvvəlki vəziyyətinə qaytaracağıq. Yarış bitəndən sonra biz Niyazi küçəsində asfalt qatını sökmüşdük və qənbər daşlar olduğu kimi qalmışdı. Lakin bu il yarışdan sonra biz asfalt örtüyünü sökmədik. Növbəti yarış aprel ayına təsadüf etdiyi üçün artıq asfalt örtüyünü sökməyin heç bir mənası yoxdur.

- Azərbaycan Formula 1 yarışmasının keçirilməsi ilə bağlı hansısa ölkəyə tövsiyə verib?

- Formula 1-in yeni rəhbəri Çeys Kerri Bakıya gəlib yarışın təşkilatçılığını görəndən sonra bildirdi ki, Azərbaycan yarışmanın keçirilməsində digər ölkələrə nümunə ola bilər. Biz yarışın keçirildiyi digər ölkələrə səfər zamanı da bunu görürük. Məsələn, bu il Bəhreyndə keçirilən qran prinin əyləncə zonasına gedəndə keçən il Bakı qran prisinin əyləncə zonasında olmuş müəyyən yeniliklərlə orada rastlaşdıq. Əlbəttə, buna çox sevindik. Təbliğat baxımından da bir çox işləri görürük. Biz tək media ilə işləmirik, həmçinin ölkənin biznes qurumları, restoranlar, otellər ilə çalışırıq. Digər tərəfdən şəhərin bəzədilməsi baxımından çox işlər görürük. Çalışırıq hər şeyi maksimum edək.

- Qarşıdan gələn yarışın əyləncə proqramında hansı yeniliklər gözlənilir?

- Hələ bu məsələ ilə bağlı danışıqlar gedir və vaxtı gəldikdə bunu elan edəcəyik. Ancaq deyə bilərəm ki, ötən yarışlarda olduğu kimi çox zəngin əyləncə proqramı olacaq. Bildiyiniz kimi əvvəlki yarışlarda dünya ulduzları çıxış edib və çox da uğurlu olub. Bu il də eyni formatı saxlayacağıq və çalışacağıq elə ulduzları dəvət edək ki, həm Bakı sakinləri, həm də gələn qonaqlar çox bəyənsinlər.

- Bilet satışı ilə bağlı hər hansı bir dəyişiklik olacaq?

- Bildiyiniz kimi bilet satışı adətən yarışdan 6 ay öncə başlayır. Yerli tamaşaçıları daha çox yarış olan ayda bilet alırlar. Bu il bizim biletlərin kateqoriyaları çox fərqli idi. Əgər ondan əvvəlki il yarışlar zamanı 3 günlük biletlər satırdıqsa, bu il biz hər gün üçün ayrı-ayrı biletlər satırdıq. Biletlərin kateqoriyaları çox idi. Ümumilikdə yarışa, əyləncə zonalarına gələn insanların sayı 71 mindən çox idi. Ona görə də biletlərin satışından çox razıyıq. Ancaq bu il bilet satışı siyasətimiz bir qədər fərqli olacaq və onu da yaxın zamanlarda elan edəcəyik.

- Qeyd etdiniz ki, yarışa maraq böyük olub. Bu baxımdan tribunaların sayının artırılması nəzərdə tutulur?

- Xeyir, tribunaların artırılması nəzərdə tutulmayıb, eyni olaraq qalacaq. Çünki bizdə şəhər trası olduğu üçün hər yerə tribuna qoya bilmirik. Tribunalar elə qurulub ki, həm təhlükəsizlik, həm də tamaşaçıların rahatlığı baxımından uyğun olsun.

- Ötən yarışlarda tras ətrafındakı binalarda yaşayan sakinlər öz eyvanlarını yarışa baxmaq üçün icarəyə verirdilər. Bu il də belə bir hal oldu?

-Əlbəttə, oldu. Hətta insanlar bununla bağlı internetdə elanlar verirdilər və yarış zamanı da eyvanlardan tamaşa edirdilər. Biz buna heç cürə müdaxilə edə bilmərik. Bu normal bir prosesdir. Ancaq balkondan baxan insan yarışın əyləncə mərkəzinə daxil ola bilmir, konsertlərə gələ bilmir. Ona görə də biz həmişə deyirik ki, insanlar bilet alsalar, daha yaxşı olar.

- Ötən il yarışda sürət rekordu qeydə alındı. Builki yarışda ən yüksək sürət nə qədər oldu?

- Rəsmi göstəriciyə əsasən bu il yarış zamanı qeydə alınmış ən yüksək sürət Red Bull komandasının pilotu Daniel Rikkardo tərəfindən reallaşıb: 336.4 km/saat. Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilmiş ilk yarışda bu göstərici 366 km/saat təşkil edərək Formula 1 tarixində şəhər treklərinin rekord sürəti olmuşdu. Bunu o zaman Williams komandasını təmsil edən Valteri Bottas reallaşdırmışdı. Həmçinin həmin il yenə Formula 1 tarixində ən yüksək pit-stop əməliyyatı keçirilmişdi: 1.92 saniyə. Bu göstərici ilə Williams komandasının texniki heyəti Felipa Massanın bolidinə ən sürətli pit-stop əməliyyatı həyata keçirərək rekord göstəriciyə imza atmışdı. Bu il Bakıda ən sürətli pit-stopu isə Ferrari komandası Fettelin bolidi üzərində reallaşdırıb: 2.62 saniyə.

Ən sürətli dövrəni Ferrari komandasının pilotu Sebastian Fettel 47-ci dövrədə reallaşdırıb - 1:43.441. Yarış ötmələrlə yadda qalıb. Azərbaycan Qran Prisi 137 ötmə ilə mövsümün ilk 8 yarışı ərzində ən çox ötmənin olduğu yarış adına yiyələnib.

Formula 1 ictimaiyyəti Azərbaycan Qran Prisini builki mövsümün ən maraqlı yarışı kimi qiymətləndirdi. Azarkeşlərin böyük hissəsi bu yarışı son beş ilin, hətta son 10 ilin ən baxımlı və maraqlı yarışı kimi təqdim etdilər.

- Nigar xanım, bildiyimiz kimi Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalanıb, lakin 5 il mütləq şəkildə keçirilməlidir. Necə düşünürsünüz, 5 ildən sonra yarışın keçirilməsindən imtina oluna bilərmi?

- Elədir, heç nə dəyişməyib. Siz də qeyd etdiyiniz kimi 10 illik müqavilə var, onun 5 ili mütləq olaraq keçirilməlidir. Ona görə, 5 il mütləq keçirəcəyik və indiki mərhələdə hər iki tərəf yarışın keçirilməsindən razıdır. Yəqin ki, 5 il keçirildikdən sonra Formula 1 rəhbərliyi ilə Azərbaycan tərəfi arasında ümumi bir ünsiyyət olacaq və yarışın davam etməsi və ya bitməsi ilə bağlı qərar veriləcək.

Xəbər lenti