Xəzər Xəbər

Alkoqol və onun sağlamlığa təsiri

Cəmiyyət | 14:54 • 3 Oktyabr 2017
Alkoqol və onun sağlamlığa təsiri

Alkoqolizm, etil spirtinin mütəmadi qəbulu zamanı yaranan, özündə bioloji, psixi, ruhi və sosial problemləri cəmləşdirən xroniki gedışə malik olan narkoloji xəstəlikdir.


Respublika Narkoloji Mərkəzin şöbə müdiri Pərvin Məmmədov bu barədə AZƏRTAC-ın müxbirinə deyib: "Alkoqolizmin inkişafı spirtli içkilərin qəbul olunma tezliyindən və miqdarından, həmçinin orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Onun yaranmasında əsas rolu xarici faktorlar oynayır. Bunlara cəmiyyətdə alkoqol qəbulunun müsbət hal kimi qiymətləndirilməsini təmin edən təbliğat, reklamlar, spirtli içkilərin münasib qiyməti və çeşid çoxluğu və digər səbəblər aiddir.


Alkoqolizmin patogenetik mexanizmləri etil spirtinin canlı toxumalara, ələlxüsus da insan orqanizminə təsiri ilə müəyyənləşir, çünki mərkəzi sinir sistemi səviyyəsində alkoqol narkotik vasitə kimi təsir göstərir, qıcıqlılığın yüksəlməsinə və ağırı hissiyyatının azalmasına, həmçinin hərəkət və emosiyaların xarakterinin dəyişməsinə səbəb olur. Alkoqolun sinir sisteminə təsiri nəticəsində alkoqol asılılığı əlamətləri, alkoqol qəbulunu dayandırdıqda kəsilmə sindromu, yəni abstinent sindrom, içkiyə qarşı münasibətin dəyişməsi kimi əlamətlər meydana çıxır. Metabolik proseslər nəticəsində orqanizmdə asetaldehid adlanan zəhərli maddə əmələ gəlir. Asetaldehidin miqdarının yüksəlməsi orqanizmində xroniki intoksikasiyaya səbəb olmaqla yanaşı, damar divarına da toksiki təsir göstərir və aterosklerozun inkişafını sürətləndirir. Alkoqol, həmçinin qaraciyər toxumalarının da zədələnməsinə, hepatit və proses dərinləşdikdə qaraciyər serrozunun yaranmasına gətirib çıxarır. Alkoqolun mütəmadi qəbulu həmçinin ensefalopatiyanın yaranmasına da səbəb olur. Bununla yanaşı etil spirti eritrosit və trambositlərin aqredasiyasını artıraraq mikrotrombların əmələ gəlməsinə, bu da özlüyündə orqanların mikrosirkulyasiyasını pozulmasına səbəb ola bilir. Alkoqolun xroniki qəbulu mədə və bağırsaqların selikli qişasını atrofiyalaşdırır, vitaminlərin bağırsaqdan sorulma prosesi pozulur və avitaminoz yaranır.


Alkoqolizmin inkişafında prodromal dövr və üç əsas mərhələ ayırd edilir. Prodromal dövrdə spirtli içki "təntənəli günlərdə", dostlar, yoldaşlarla bir yerdə olanda qəbul edilir və nadir hallarda huşun itirilməsinə qədər davam edir. Prodromal alkoqolizmə keçməmiş xəstə alkoqolun qəbulundan öz iradəsi ilə imtina edə bilər, lakin içki qəbulu mütəmadi hal aldıqda prodromal dövr bir qayda olaraq alkoqolizmə keçir. Bu, təxminən altı ay, bir ilə qədər davam edir”.


Həkim-narkoloq xəstəliyin mərhələləri barədə də məlumat verib: ”Alkoqolozmin birinci mərhələsində xəstə daim içki qəbul etmək istəyir və öz istəyini çox çətinliklə idarə edir. Alkoqol qəbulu mümkün olmayanda xəstə içki içmək istədiyini unudur, lakin təkrar qəbul etdikdə içdiyi alkoqolun miqdarına nəzarət edə bilmir. Həmin mərhələdə xəstə öz vəziyyətinə tənqidi yanaşa bilmir və düşdüyü vəziyyətə bəraət qazandırmağa çalışır.


İkinci mərhələdə qəbul olunan alkoqola qarşı dözümlülük artır, özünənəzarət azalır, içkiyə meyillik get-gedə artır. Mütəmadi olaraq spirtli içki qəbulundan sonra sayıqlamalar baş verir, qəbulu spontan olaraq dayandıranda alkoqol deliriyası və ya hallusinozu əmələ gəlir.


Üçüncü mərhələdə xəstə hər gün alkoqol qəbul edir, dözümlülük (tolerantlıq) isə getdikcə azalır, hətta az miqdarda spirtli içki qəbul edilməsi də sərxoş vəziyyətin yaranmasına səbəb olur. Daxili orqanlarda ciddi və geridönməz dəyişikliklər formalaşır”.


"Alkoqoldan imtina edilməsi üçün bir sıra üsullar var. Məsələn, quru tozağacı odununun üzərinə çoxlu şəkər tozu səpilir və yandırılır. Alovlanmış tonqal söndürülür və xəstə onun tüstüsü ilə nəfəs alır, bundan sonra dərhal bir stəkan araq içilir. Alkoqola qarşı götürməməzlik yaranır”,- deyə həkim-narkoloq söhbətinə yekun vurub.

Xəbər lenti