Xəzər Xəbər

Depressiya... Qara itdən necə yaxa qurtarmaq olar?

Cəmiyyət | 11:52 • 3 Oktyabr 2017
Depressiya...
"Əgər qara it yenidən qayıdarsa, bəlkə də onun mənə köməyi dəyə bilər. Amma deyəsən it hazırda məndən uzaqdadır. Onsuz necə də rahatdır… Nəhayət ki şəkildəki bütün rənglər öz yerinə oturub”.

Dünya şöhrətli xadim Uinston Çörçill bu sözləri 1911-ci ildə həyat yoldaşına ünvanladığı bir məktubda qələmə almışdı. Onun haqqında müsbət fikirlər eşitdiyi həkimlə bağlı bəslədiyi ümidləri həyat yoldaşı Klementina ilə bölüşməsindən məlum olur ki, Çörçill depressiyaya düçar olduğunun tam fərqində imiş. O, depressiyanı insanı aramsız şəkildə izləyən qara bir itə bənzədirdi. Bu metafora depressiyanın qaranlığında özünü əsir olmuş kimi hiss edən insanların daxili gərginliyini, əzabını, keşməkeşlərini özündə ehtiva edir.

Çörçill nə qədər psixoloji sansıntı keçirsə də, onun öz vəziyyətindən xəbərdar olması müsbətə - sağalmağa doğru atdığı ilk addım kimi qiymətləndirilə bilər. Əgər insan düşdüyü çıxılmaz vəziyyətdən xilas olmaq istəyirsə, o, əvvəlcə hansı situasiyanın içərisində olduğunu özü özünə etiraf etməlidir. Təəssüf ki, bir çox hallarda şəxs özünü aldatmağa, beləliklə də gerçək dünyadan yayınaraq öz xəyali aləmində yaşamağa üstünlük verir. Bu isə belə şəxsləri "qara itin amansız caynaqları” arasına atır.

İlk növbədə, bunu qəbul etmək lazımdır ki, demək olar ki hər bir insan həyatının müəyyən mərhələsində müəyyən psixoloji sarsıntılarla və depressiya ilə üzləşir. Depressiyanın müddəti ve şiddəti baş vermiş hadisəyə, eyni zamanda insanın psixoloji vəziyyətinə görə fərqli ola bilər.

Depressiya ilkin mərhələdə qəddar, qara bir it kimi insanın qarşısına çıxır, "dişlərini qıcayaraq” onu qorxutmağa çalışır. Həmin "it” insanı sosial həyatdan uzaqlaşdırır, özünü boş, çarəsiz, lazımsız kimi hiss etməsinə səbəb olur. Şəxs xilas olmaq üçün itdən qaçmağa çalışır və problemləri ilə üzləşməkdən çəkinir. Əlbəttə ki qaçmaqla problemləri həll etmir, əksinə çox zaman daha da təhlükəli bir həddə çatdırır. Bəzən depressiyada olan şəxsin qaçdığı problemlər onun həyat və fəaliyyəti üçün ciddi təhdid halına qədər gəlib çıxa bilər. İstənilən halda, geriyə çevrilib çətinlikləri ilə üzləşməkdən qorxan şəxs heç gözləmədiyi bir anda bunun fəsadlarını hiss etməyə başlayacaqdır.

Depressiyaya məruz qalan insan əvvəllər sevdiyi fəaliyyətlərdən artıq zövq almır, iştahsızlıq, yaddaşsızlıq, diqqət dağınıqlığı, özünə inamsızlıq kimi mənfi keyfiyyətlər şəxsin həyatına ard-arda daxil olur və həyatını dözülməz bir hala gətirib çıxarır. Yuxusuzluq şəxsin həyatını alt-üst edir. Yatmağa nail olduğu tək-tük vaxtlarda da, oyanan kimi qara it ona bütün problemlərini xatırladır.

Bəzən depressiyadakı şəxs özünü "toplamağa”, "sağalmağa” qərar verir. Düşünür ki, maraq dairəsində olan hansısa bir məkan, insan və ya məşğuliyyət onu keçmişdəki rəngarəng günlərinə geri qaytara bilər. Lakin hara üz tutsa, qara it qarşısına çıxır və qaçdığı problemləri davamlı şəkildə xatırladaraq ona dinclik vermir.

İnsanlar çox vaxt qara iti hamıdan gizlətməyə çalışırlar. Çünki bu itdən utanır, başqalarının qınaq obyekti olmaqdan ehtiyat edirlər. Qara it insanın həssaslaşmasına, əsəbi olmasına gətirib çıxarır. Nəticədə, həmin şəxslər gündəlik həyatda üzləşdikləri ən kiçik məsələlərə belə həddindən artıq kəskin reaksiya verirlər. Qara it depressiyadakı insana hər addımda var gücü "bədbəxtsən!” deyə "hürür.” Ən pisi isə odur ki, bir müddətdən sonra həmin insan artıq öz bədbəxtliyini qəbullanmağa və hissizləşməyə başlayır. İt getdikcə daha da böyüyür və onun bütün həyatında hakim rol oynayır. Getdikcə, qara itə daha təslim olmaq ən rahat yol kimi görünməyə başlayır. Nəticədə, özünütəcrid edən, cəmiyyətdən, insanlardan qaçan insanın həyatı sonsuz daxili iztirablarla dolu bir cəhənnəmə çevrilir.

Bəs insanı təqib edən qara itdən necə yaxa qurtarmaq olar?

1. Bir anlıq dayanın, silkələnin və zeyninizdəki bütün fikirlərdən sıyrılmağa çalışın. Ətrafınızdakı səslərə (və ya səssizliyə) qulaq verin.

2. İçərisində olduğunuz anı qiymətləndirməyə çalışın. Yuxudan təzəcə durmusunuz? Günə isti bir çayla və sevimli şirniyyatınızla başlayın. İşə tələsirsiniz? Bircə dəqiqə ayaq saxlayın. Qorxmayın, bir dəqiqə gecikdiyiniz üçün işdən qovulmayacaqsınız. Ətrafınıza baxın. Sərin havanı ciyərlərinizə çəkin və dərindən nəfəs alıb yolunuza davam edin. İçində olduğunuz anı lazımınca qiymətləndirin ki, daha unudulmaz anlara doğru irəliləməyə özünüzdə güc tapa biləsiniz.

3. Özünüzə aşağıdakı iki sualı verin və cavablarını tapmağa çalışın:

- Qara iti hansı əməlinizlə qıcıqlandırmısınız? (Hansı hadisə həyatınızda depressiyanı tətikləyib?)

- Qara itin boğazına necə xalta keçirə bilərsiniz? (Depressiyanı idarə etmək üçün nə kimi addımlar atmaq olar?)

4. Gələcəyə dair plan qurun. Artıq harada olduğunuzu, size depressiyaya nəyin gətirib çıxardığını və hansı addımları ataraq ondan qurtula biləcəyinizi bilirsiniz. Quracağınız plan qara itdən qurtuluşunuza yardım edəcək "xalta” olacaq.

5. Qara itə yaxınlaşın. Artıq onunla üzləşməyin vaxtıdır! Ona doğru yaxınlaşdıqca, atacağınız növbəti addımları zehninizdə müəyyən edin. Həmin addım dostlarınızla daha çox vaxt keçirmək, qəlbinizdə sağalmaz yara qoyan şəxslə görüşüb onu bağışladığınızı demək, rəsm dərnəyinə yazılmaq, psixoloqa müraciət etmək və s. ola bilər. Əsas odur ki, artıq təslim olmaqdan imtina edərək mübarizə yolunu tutubsunuz.

6. Xaltanı itin boğazına keçirin. Artıq qara itlə üzbəüz dayanmısınız və xalta onun boğazına keçirilib. Əvvəlcə hürür, dişlərini qıcayır, sonda çarəsiz şəkildə təslim olur. Artıq siz qara itin deyil, qara it sizin əsirinizdir! Beləliklə, əvvəlki həyatınıza qayıdırsınız və bir daha əsla qara iti yaxına buraxmırsınız.

Uinston Çörçill deyirdi ki, "Əgər hər hürən itə görə ayaq saxlayıb ona daş atsan, heç vaxt gedəcəyin yerə çata bilməyəcəksən”. Ona görə də, heç nəyə fikir vermədən daim irəli doğru addımlayın. Unutmayın ki, depressiya sadəcə bir "it”dir və heç də düşündüyünüz qədər güclü, qorxulu deyil.

Lamiyə Sabirli,

Psixoloq

(Modern.az)

Xəbər lenti