Azərbaycan memarlıq sənətinin
təcəssümü olan metronun "Nizami” stansiyasında uzunmüddətli əsaslı təmir
və bərpa işləri başa çatıb.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, bir ilə yaxındır davam edən bu tədbirlər
sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə
aparılıb.
"Bakı
Metropoliteni” QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir
işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri
yenilənib, platformaaltındakı sonradan quraşdırılan arakəsmələr sökülüb,
platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar
müasir tələblərə uyğun təmir olunub. Ən vacibi isə təmir prosesində dahi
Azərbaycan mütəfəkkiri, şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə
adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq
nümunələri bərpa olunub.
1976-cı il dekabrın 31-də istifadəyə verilən stansiya geoloji cəhətdən
mürəkkəb ərazidə yerləşir. Stansiyanın yol divarlarında istismar
müddətini başa vurmuş mərmər üzlüklər dəyişdirilib. Hazırda istifadədə
olan mərmər üzlüklərin ömrü 15-20 ildir.
Qeyd edək ki, "Nizami” stansiyasında eskalatorların istismar müddəti
2025-ci ildə başa çatacaq. Buna görə də stansiyada istifadədə olan
eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə
həyata keçiriləcək.