Xəzər Xəbər

Quduzluq təhlükəsi və onun profilaktikası

Cəmiyyət | 18:09 • 28 Sentyabr 2017
Quduzluq təhlükəsi və onun profilaktikası

Quduzluq xəstəliyi sonu ölümlə nəticələn təhlükəli infeksion xəstəliklər sırasına aiddir. Quduzluq xəstəlyinin törədiciləri olan viruslar xəstə heyvanın dişləməsi nəticəsində zədə və dişləmə nahiyəsindən tüpürcək vasitəsilə sağlam orqanizmin toxumasina daxil olur, oradan hüceyrələrə daxil olaraq mərkəzi sinir sisteminə doğru irəliləməyə başlayır, sinirlə yayılaraq virus tüpürcək vəzilərinə, beyin qabığına, hippokampa, bulbar mərkəzlərə çataraq sinir toxumasını kütləvi şəkildə zədələyir və burada çox ağır, geridönməyən dəyişikliklərə-ödem, qansızma, degenerativ və nekrotik dəyişiklikərə səbəb olur. Buna görə də xəstəliyin inkubasiya dövrü 1 ilə qədər uzana bilər.


Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva 2007-ci ildən bəri hər il sentyabrın 28-də qeyd edilən Beynəlxalq Quduzluq Günü münasibətilə AZƏRTAC-a verdiyi müsahibədə bu barədə danışıb. O, qeyd edib ki, quduzluq xəstəliyinin yayılmasının əsas səbəbi heyvanlar arasında vaksinasiya işlərinin aparılmaması, sahibsiz itlərin artması, vəhşi heyvanların miqrasiyası, sel basmış ərazilərdə canavar, çaqqal və digər çöl heyvanlarının yerlərinin dəyişməsi, vəhşi heyvanlarının artımının tənzimlənməsinin mümkünsüzlüyüdür.


Həkim-infeksionist daha sonra deyib: "Quduzluğun iki tipi ayırd edilir: şəhər tipi (it, pişik, kənd təsərrüfatı heyvanları və s.) və təbiət tipi (canavar, tüklü, yarasa və s.). Təbiətdə xəstəliyin uzunmüddətli təbii rezervuarı, daşıyıcıları gəmiricilər hesab edildiyi barədə ehtimallar mövcuddur. Onlar xəstəliyə yoluxandan bir neçə gün sonra ölürlər. İnsanlar quduzluq xəstəliyinə yoluxduqda isə nisbətən daha uzun müddət davam etsə də, ölümlə nəticələnir. Xəstəlikdən sağalma nadir hallarda qeydə alınır.


Heyvanın dişləmə yerinin olması və zədələnmis dəri nahiyəsinə quduz heyvanın ağız suyunun düşməsi böyük əhəmiyyət daşıyır. Eyni zamanda udlaq əzələlərinin iflici ilə əlaqədar olaraq su və qidanı görəndə baş verən qoxu (hətta 1 stəkan su da içmək olmur) zəif hava mehinə qarşı yaranan qoxu (aerofobiya) tüpürcək ifrazının çoxalması və daimi olaraq ağız bucaqlarından ağız suyunun axması böyük diaqnostik əhəmiyyətə malikdir. Adətən xəstəliyin laborator təsdiqinə ehtiyac qalmır.


Xəstəliyin profilaktikası barədə danışan mütəxəssis bunları söyləyib: "Quduzluqla mübarizənin ən yaxşı yolu profilaktikadır. Profilaktika heyvanlar arasında vaksinasiyanın aparılmasından ibarətdir. Əgər heyvan dişləyərsə, onda xəstəyə tez bir zamanda yardım göstərilməli - 10 dəqiqə müddətində yara nahiyəsi sabunla yuyulmalı və 40-70 dərəcəli spirtlə və ya yodla işlənilməlidir. Yaraya tikiş qoymaq olmaz. Lazım gələrsə, elə dişləmə anında yara yerindən bir qədər qan xaric edilməlidir. Göstəriş olduqda antirabik immunoqlobulin vurulur.


Ümumdünya Səhiyyə Təşkilatı peyvəndləmənin belə aparılmasını məsləhət görür: İlk dişləmə günü peyvəndin vurulması, daha sonra 3, 7, 14, 28-ci günlərdə və dişləmədən 90 gün sonra peyvəndin edilməsi. Xüsusi risk qrupuna daxil olanlar-kinoloq, baytar və ovçular ciddi şəkildə profilaktik peyvəndləmə keçməlidir, ilk peyvəndləmədən 1 il sonra, ikinci peyvəndləmədən sonra isə hər 5-ci il mütəmadi şəkildə peyvəndləmə aparılmalıdır.

Xəbər lenti