Xəzər Xəbər

Bal yarmarkasında yeniliklər Nazirlik keyfiyyətsiz balları aşkarlamaq üçün yeni üsula əl atıb

Cəmiyyət | 15:10 • 28 Sentyabr 2017
Bal yarmarkasında yeniliklər
"Təmiz balın alıcısı, arıçının qapısında olur” deyirlər. Ona görə də, paytaxta gətirilib yarmarkalarda satışa çıxardılan balların keyfiyyətinə həmişə şübhə olub. Bu şübhə heç də təsadüfi yaranmayıb.

Çünki, zaman-zaman paytaxta gətirilib satılan balların keyfiyyəti, rayonlarda arıçılardan aldığımız balın keyfiyyətindən fərqlənib. Bu dəfə də, paytaxtda keçiriləcək arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına gətirilən ballar arasında keyfiyyətsizləri aşkarlanıb. Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov Trendə açıqlamasında bildirib ki, iştirakçılardan 20 faizinin təqdim etdiyi balın keyfiyyəti standartlara cavab vermir. Bəs görəsən "bal yarmarka” larında alıcıların aldanma ehtimalı varmı?


Sualımıza əhatəli cavab verən Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Movqe.az-a açıqlamasında keyfiyyətsiz balların yarmarkaya çıxma ehtimalının belə olmadığını söyləyib. Həmsöhbətimiz deyir ki, bu il arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında yeniliklər olacaq. Q. Əbdüləliyev bu yeniliklərin əsas məqsədinin də elə paytaxtda keçiriləcək arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına çıxmasının əngəlləmək məqsədi daşıdığını söyləyir: "Bu dəfə yarmarkaya gətiriləcək ballar xüsusi anbara yığılacaq. Həmin anbar 24 saat kamera ilə nəzarətdə saxlanacaq. Bu dəfə anbara gətirilən ballardan hər qabdan ayrı-ayrılıqda nümunələr götürüləcək. Həmin nümunələr gizli olaraq kodlaşdırılacaq. Bu kodla laboratoriyada belə hansı nümunənin hansı arıçıya aid olduğunu bilmək mümkün olmayacaq. Həmin nümunələr Respublika Baytarlıq Laboratoriyasına göndəriləcək. Yeniliklərdən biri də odur ki, bu dəfə ballardan götürülən nümunələrdən şahid nümunəsi də saxlanılacaq. Yəni, hər qabdan ayrı-ayrılıqda götürdüyümüz nümunələrdən bir şahid nümunəsi saxlanılacaq. Əgər arıçı laboratoriyanın cavabından narazılıq etsə, həmin şahid nümunəsi yenidən yoxlanılacaq. Kodlaşdırmada da sarı rəngli kod bal qabının üzərinə, qırmızı kod şahid nümunəsinə, yaşıl kod isə laboratoriyaya göndəriləcək nümunənin üzərinə vurulacaq. Bu isə yarmarkaya çıxarılacaq balın keyfiyyətinin dəqiq və şəffaf yoxlanılmasına imkan verəcək”.

Q. Əbdüləliyev deyir ki, bir yenilikdə anbarlara balın qəbulu ilə bağlıdır: "Əvvəlki illərdə biz elan verirdik, bütün rayonlar balı son gün gətirib anbara çıxardırdılar. Amma bu il yarmarkaya hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə həyata keçirilir. Lənkəran iqtisadi rayonu üzrə - 19-20 sentyabr, Kəlbəcər-Laçın və Yuxarı qarabağ iqtisadi rayonları üzrə - 21 sentyabr, Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-23 sentyabr, Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 24-25 sentyabr, Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 26 sentyabr, Naxçıvan iqtisadi rayonu üzrə - 27-28 sentyabr, Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr, Aran iqtisadi rayonu üzrə - 30 sentyabr tarixdə anbara balın qəbulu yekunlaşacaq. Yəni hər rayon göstərilən müddətə qədər balı anbara təhvil verməlidir”.
Həmsöhbətimiz deyir ki, yarmarkaya keyfiyyətsiz balın çıxma ehtimalı 0-a bərabərdir. O ki, qaldı "Təmiz balın alıcısı, arıçının qapısında olur” söhbətinə, nazirlik səlahiyyətlisi bal yarmarkasında şəffaflığın təmin olunmasının da elə məhz bu streotipi aradan qaldırmaq məqsədi daşıdığını bildirir. Q. Əbdüləliyev deyir ki, laboratoriya yarmarkaya çıxardılacaq balların keyfiyyətini, el dili ilə desək "pesok” balı olub-olmadığına qədər ayırd edəcək: "Arıya az miqdarda şərbət vermək olar. Bilirsiniz ki, arı təbiətdən asılı heyvandır. Qış çıxanda arı oyanırsa, çiçək yoxdursa, arını vəziyyətdən çıxartmaq üçün az miqdarda şəkər siropu vermək olar. Amma apreldən, çiçək açandan sonra işlək arıya şəkərdən şərbət hazırlayıb vermək düzgün deyil. İyun, iyul ayında, bal süzülənə yaxın arıya verilən şəkər siropu laborator yoxlamada üzə çıxır. Ona görə də, alıcılar yarmarkaya el dili ilə desək "pesok” balın çıxmayacağından əmin olsunlar.

Q. Əbdüləliyev bu il paytaxtda keçiriləcək arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına gətirilən balların qiymət məsələsinə də toxundu. Həmsöhbətimiz deyir ki, bu il arıçılıqda məhsul əvvəlki illə müqayisədə çoxdur: "Biz arıcıların qoyduğu qiymətə qarışa bilmərik. Amma tövsiyyə etmişik ki, hər zaman olduğu kimi yarmarkaya çıxardılan məhsulların qiyməti bazar qiymətindən aşağı olsun”.

Q. Əbdüləliyev süni balların hazırlanması məsələsinə də toxundu. Onun sözlərinə görə, şəkərdən şərbət edərək hazırlanan ballar əsasən şirniyyat istehsalında istifadə edilir: "Bizim satışa çıxaracağımız bal təbii baldır”.

Q. Əbdüləliyev bizimlə söhbətində hazırda yarmarkanın anbarına təhvil verilən balların arasında keyfiyyətsizlərinin aşkarlanması xəbərini təsdiqlədi. Onun sözlərinə görə, labarotoriyada nöqsan tapılan ballaryarmarka başa çatandan sonra arıcılara geri qaytarılacaq.

Q. Əbdüləliyev yarmarkada iştirak etmək istəyən arıçıların öz məhsullarını sentyabrın 19 –dən 30-dək şəxsiyyət vəsiqəsi,arıxananın baytarlıq pasportu (şəhadətnaməsi), rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə və rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktubu ilə birgə qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməli olduqlarını bildirdi : "Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaqdır. Oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Oktyabrın 10-dan noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23, ünvanda ("A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcəkdir. Sərgi-satış yarmarkasının açılışı oktyabrın 10-da saat 12-də olacaq”.

Xəbər lenti