Xəzər Xəbər

Təmayülləşmə bütün ölkədə tətbiq edilməyəcək - RƏSMİ

Cəmiyyət | 17:29 • 22 Sentyabr 2017
Təmayülləşmə bütün ölkədə tətbiq edilməyəcək -

”Təmayülləşmənin kütləviliyi o demək deyil ki, bu proses bütün ölkədə tətbiq ediləcək. Müəyyən olunmuş tələblərə cavab verə bilməyənlər təmayüllü siniflərlə yanaşı, təşkil edilən adi siniflərdə təhsilini davam etdirə bilər”.


Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. O bildirib ki, hamının təhsil hüququnun qorunması məqsədilə təmayülləşməyən siniflər də təşkil olunub. Əsas məqsəd təhsilini davam etdirmək istəyənlərin hamısının təhsillə əhatə olunmasıdır.

A. Əhmədov vurğulayıb ki, təmayül istiqamətləri üzrə təsdiq edilən tədris planlarında fənlərin sayı ənənəvi tədris planlarındakı saydan xeyli artıqdır: "Burada 9-10 fənn əhatə olunur. Təmayül fənlərinə ayrılan saatlar da fərqlidir. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planları və proqramları hazırlanıb. Tədris planlarında həftəlik dərs yükü 30 saat müəyyən olunub, əlavə bir neçə saat dərsdənkənar məşğələlərə ayrılıb. Həmin əlavə saatlar hesabına şagirdlərə nitq mədəniyyəti və iqtisadi məsələlər tədris edilir. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarına "Azərbaycan tarixi”, "Azərbaycan dili”, "Ədəbiyyat”, "Fiziki tərbiyə”, "Xarici dil”, "Riyaziyyat”, "Çağırışaqədərki hazırlıq” fənləri də daxil edilib. Bu, şagirdin ümumi inkişafı, dünyagörüşünün formalaşması üçün vacibdir. Lakin əsas diqqət təmayül fənlərinə verilir. Aztəminatlı, repetitor hazırlığına gücü çatmayacağını düşünən valideynlər də bu yeniliyin tətbiqinə dəstək verir”.

Xəbər lenti