Milli Məclisin Əmək və
sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə Azərbaycanda
qəlyanın tamamilə qadağan olunmasını təklif edib.
Millət vəkili bunu qəlyanın ziyanlı olması ilə əlaqələndirib: "Bu, çox
ziyanlıdır. Bunun arxasında kimin dayandığını bilmirəm. Düşünürəm ki,
yığışdırılmalıdır. Bəzən deyirlər ki, ölkəyə gələn turistlər istəyirlər.
İstənilən turist gəldiyi ölkənin qanunlarına uyğun davranmalıdır".
Deputat Musa Quliyev məsələ ilə bağlı
AzVision.az-a bildirib ki, qapalı məkanlarda qəlyan çəkmək qanunla qadağan olunacaq.
"Sulu
qəlyanların qapalı məkanlarda çəkilməsinin qadağan olunması "Tütün
məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun
layihəsinin II oxunuşunda nəzərə alınıb”.
Millət vəkili qeyd
edib ki, adıçəkilən qanun layihəsi payız sessiyasında müzakirə olunacaq
və qəbul olunacaq: "Sulu qəlyanlar və elektron siqaretlər digər tütün
məhsulları ilə bərabər tutulur və qapalı məkanlarda istifadəsi qadağan
olunacaq.
Açıq yay kafe-restoranlarında, kimsə öz həyətində sulu
qəlyan çəkə bilər. Bütünlükdə bu zərərli vərdişdir və insan orqanizminə
heç bir müsbət təsiri yoxdur. Amma insanlar var ki, bunu istəyir.
Qəlyan çəkilən yerlərə yeniyetmələrin və uşaqların buraxılmasını da
qadağan etmək olar”.