Xəbər verildiyi kimi,
sentyabr ayının 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində
dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin
və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru
Lütfi Zadə dünyasını dəyişib.
Qeyd edildiyi kimi, alimin Azərbaycanda dəfn olunması arzuna müvafiq olaraq, onun nəşi vətənə gətiriləcək. Bununla bağlı, sənədləşmə və hazırlıq işləri aparılır.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AzərTAc-a verilən məlumata görə, görkəmli alimin nəşinin Azərbaycana gətirilməsi ilə məşğul olan şirkət hazırlıq tədbirlərini davam etdirir.
"Alimin
nəşinin gətirilməsi üçün peşəkar daşınma şirkəti tərəfindən xüsusi
soyuducu konteyner hazırlanmaqdadır. Bu daşınmanın bütün yüksək
standartlara cavab verməsi üçün hazırlıqlar müəyyən qədər vaxt aparır.
Daşınma şirkəti Azərbaycanın
Los Ancelesdəki Baş Konsulluğu ilə daim əlaqədədir və hazırlıq işləri
bitəndən və konteyner tam hazır olandan sonra, mətbuata məlumat
veriləcək".
Qeyd edək ki, Lütfi Zadənin nəşi təyyarə ilə San Fransisko şəhərindən Azərbaycana yola salınacaq. San Fransiskodan Bakıya birbaşa reys olmadığına görə, daşınma bir neçə gün çəkəcək.