Xəzər Xəbər

Quduzluqdan necə qorunaq? HƏKİM MƏSLƏHƏTİ

Cəmiyyət | 13:44 • 20 Avqust 2017
Quduzluqdan necə qorunaq?

İyulun 31-də Sumqayıtda 5 yaşlı Zeynəb Mikayılzadə quduz it dişləməsindən vəfat edib.

Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev mətbuata bildirib ki, it uşağın başından dişləyib:

"Uşağa müəyyən olunan dozada 2 dəfə vaksin vurulub. 4 gün xəstəxananın uşaq şöbəsində qalıb, sonra valideynləri evə aparıb. Evdə təzədən vəziyyəti gərginləşdiyi üçün yenidən xəstəxanaya müraciət ediblər. Onu Bakıdakı 1 saylı Uşaq İnfeksion Xəstəxanasına göndəriblər. Orada daha bir vaksin vurulub. Buna baxmayaraq uşaq dünyasını dəyişib”.

Pediatr Vaqif Mustafayev mövzunun aktuallığı ilə əlaqədar fikirlərini bölüşüb: "Quduzluq xəstəliyinin törədicisi xüsusi viruslardır. İnfeksiya mənbəyi həm ev (it, pişik, iri və xirdabuynuzlular), həm də vəhşi heyvanlardır (tülkü, canavar və s.). Heyvanlar xəstəliyin başlanmasına 3-10 gün qalmiş (həm də bütün xəstə olduqları dövr) yoluxucu olurlar. Virus insana xəstə heyvanın seliyi vasitəsilə keçir və əsasən sinir sistemini zədələyir”.

Pediatr deyir ki, xəstəliyin gizli dövrü 10 gündən 3 aya qədər uzana bilər: "Əgər zədə başda, üzdə, yuxari ətraflarda olarsa, gizli dövr qısalır. Baş və üz dişlənərsə, xəstəlik çox ağır keçir və ölümlə nəticələnir. Xəstəliyin ilkin dövründə yara nahiyəsində ağri, qaşınma hissi olur. Hərarət 37,2-37,5 dərəcəyə qalxır. Halsızlıq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, qorxu, həyəcan, depressiya müşahidə olunur. Xəstəliyin ikinci dövründə sudan qorxma, psixomotor oyanıqlıq (ətrafa qarşı aqressivlik, fiziki güc tətbiqi, əlinə keçən əşyaları vurub sındırmaq), udlaq və qırtlaq əzələlərində spazm, tənəffüsün çətinləşməsi ,güclü selik ifrazı müşahidə olunur. Xəstəliyin üçüncü dövründə hərarət 40-42 dərəcəyə yüksəlir. Tənəffüs mərkəzinin iflici nəticəsində xəstə ölür”.

Həkim belə məqamlarda nə etməklə bağlı tövsiyələrini də verib: "Dişlənən nahiyəni sabunlu su ilə təkrar-təkrar yumaq və təcili həkimə müraciət etmər lazımdır. Xəstəliyin qarşısını almaq üçün xüsusi vaksindən (müxtəlif sxemlərlə) istifadə olunur. Xəstəlik başlamayıbsa, vaksinin effekti var. Xəstəliyin əlamətləri inkişaf edibsə, vaksin bir qayda olaraq faydasızdır. Düşünürəm ki, sahibsiz itlər ya öldürülməli, ya da baytar nəzarətinə alınıb, müxtəlif məkanlarda sterilizasiya olunmalı,vaxtında peyvənd edilməlidir”. /cebhe.info

Xəbər lenti