Son vaxtlar bəzi sürücülər
tərəfindən nəqliyyat vasitələrində istehsalçı avtomobil zavodları
tərəfindən istehsal olunan minik avtomobillərində nəzərdə tutulmayan
əlavə avadanlıqların qurulması və yaxud nəqliyyat vasitələrinin qanunsuz
avadanlıqlaşdırılması hallarına yol verilir.
XəzərXəbər xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə
müraciətində qeyd edilib. Bildirilib ki, əsasən gənc sürücülər arasında
avtomobillərdə iri ölcülü şin və disklərdən istifadə etmək, sükan
çarxlarını və buferləri dəyişmək, avtomobilin asqı qurğusunda dəyişiklik
və əlavələr etməklə banın klirensini (yer səthindən avtomobilin ən
aşağı nöqtəsinə qədər olan məsafə) artırmaq, səsboğucuların səsini
çoxaltmağa meyillilik müşahidə olunur.
Belə hallardan biri də son zamanlar avtomobillərin işıq cihazlarında
"Led” tipli işıq lampalarından istifadə olunmasıdır. Əvvəla onu qeyd
etmək lazımdır ki, nəqliyyat vasitələri və onların hər bir ehtiyat
hissəsi müəyyən sınaqlar nəticəsində təsdiq olunmuş beynəlxalq
standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq
"təhlükəli özü hərəkət mənbəyi” hesab olunduğu üçün onun üzərində
istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik
gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş verməsinə real
zəmin yaratmış olur.
"Bildiririk ki, Azərbaycan
Respublikası yol hərəkət qaydaları üzrə 1968-ci il beynəlxalq Vyana
Konvensiyasına qoşulmuşdur. Bununla əlaqədar ölkəmizdə 1998-ci ildə "Yol
hərəkəti haqqında” Qanun qəbul olunmuşdur. Həmin qanunun 1 saylı
Əlavəsinin III hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq
cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat
vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Qanundan
göründüyü kimi xarici işıq cihazları nəzərdə tutulan tələblərə uyğun
deyilsə, onun istismarı qadağan olunmalıdır. Sürücülərin nəzərinə
çatdırmaq istərdik ki, ölkəmiz 12.02.2002-ci tarixli 261-IIQ №-li
Qanunla "Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində
quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid
texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların
qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında”
beynəlxalq müqaviləyə qoşulmuşdur. Həmin müqaviləyə qoşulan dövlətlər
Birləşmiş Millətlər Təşkilatının Avropa
İqtisadi Komissiyası tərəfindən avtomobillərə, onların avadanlıq və
hissələrinə dair işlənib hazırlanan qaydaları tanımalı və tətbiq
etməlidirlər. Bu yolla AİK-in hazırladığı qaydalar bütün dünyada
nəqliyyat vasitələri ilə bağlı vahid texniki standartlar və şərtlər
statusunu alır".
Qeyd olunub ki, avtomobil istehsalı zavodları da nəqliyyat vasitələrini
bu tələblər əsasında istehsal edirlər. Araşdırmalar göstərir ki, "Led”
tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq
vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. Belə
işıq cihazlarından avtomobilin salonunun icərisinin işıqlandırılması
üçün istifadə oluna bilər.
DYP əməkdşları nəqliyyat vasitələrinin texniki tələblərinin pozulması,
qanunsuz avadanlıqlaşdırılmasına qarşı mütəmadi mübarizə tədbirləri
həyata keçirir.
Məlumat üçün hörmətli oxucuların nəzərinə catdıraq ki, ötən il və bu
ilin 6 ayı ərzində nəqliyyat vasitələrinin texniki tələblərinin
pozulmasına görə 11013, o cümlədən nəqliyyat vasitələrinin qanunsuz
avadanlıqlaşdırılmasına görə 4853 sürücü inzibati məsuliyyətə cəlb
edilib.