Xəzər Xəbər

Məktəbli formaları: Valideynlər necə aldadılır?

Cəmiyyət | 12:27 • 18 Avqust 2017
Məktəbli formaları:

Biz formaları 40 manata satırıq və bilirik ki, keyfiyyətli məhsuldur, şagird bunu 2 il geyinə biləcək. Üstəlik bu paltarlarda istifadə olunan parçaların gigiyena və keyfiyyətə dair sertifikatı var. Uşaqların sağlamlığına heç bir cəhətdən zərərli deyil, lakin saxta emblemi olan məktəbli formalarında keyfiyyət standartlarına əməl olunmur. Bu da öz növbəsində uşaqlarda allergik xəstəliklər törədə bilir.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov məktəbli formalarının qiymətləri ilə bağlı danışarkən söyləyib.

O, bir sıra ticarət mərkəzlərində xarici ölkələrdə tikilmiş saxta və keyfiyyətsiz formaların satıldığını deyib:

"Hazırda bizim üçün problem odur ki, "8-ci km bazarı”, "Binə”, "Sədərək” ticarət mərkəzlərində kq-la məktəbli formalarını gətirib satırlar. Üzərinə də BTE-nin emblemini vururlar.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakı Tikiş Evində tikilən məktəbli formalarına müəlliflik hüququ verilib. BTE emblemi olan uniformalar ancaq bizə aid ola bilər.

Bütün bunlara baxmayaraq bəzi istehsalçılar saxta formaları tikir və müxtəlif bazarlarda ticarət mərkəzlərində satışa çıxarırlar. Bununla da onlar yerli istehsalın inkişafının qarşısını alırlar. Satıcılar bizə aid olan, lakin başqa ölkələrdə tikilmiş keyfiyyətsiz formaları satırlar. Bu şəxslər insanları aldatmaqla məşğuldur. Alıcılar paltarların üzərində bizim emblemi görüb aldanırlar. 25 manata satılan forma necə keyfiyyətli ola bilər ki?! Tövsiyyə edirəm ki, valideynlər qiymətə aldanmasınlar. Formaların materialı və tikiş xərcləri 25 manat edir. Bundan əlavə formaların çatdırılması və əlavə xərclər də var. Onlar necə 27 manata kostyum ala bilirlər?! Məlum məsələdir ki, formalarda qiymət fərqləri olduğu kimi keyfiyyət fərqləri də mövcuddur. Valideynlər çalışırlar ki, uşaqları üçün hər şeyin yaxşısı olsun. Bəs necə olur ki, onlar övladlarına keyfiyyətsiz məhsul alıb geyindirirlər?!”.

Etibar Əzimov bildirdi ki, BTE-də tikilən formaların parçaları da xaricdən gətirilir və çox keyfiyyətlidir:

"Məktəbli formalarının tikilməsində istifadə olunan parçaları Türkiyə firmasından alırıq. Həmin parçanın Avropa laboratoriyasından sertifikatı var.

Şöbə müdiri satış qiymətlərində ötən illə müqayisədə heç bir fərq olmadığını deyib:

"Aşağı siniflər üçün formaların qiyməti 40 azn (26-44ölçü), yuxarı siniflər üçün isə 46 azn (32-54) təşkil edir. Ölçülər dəyişməsə, uşaqlar bu formaları ən azı 2 il geyinə bilər.

Tövsiyə edirəm ki, alıcılar dükanda bazarda və s. yerlərdən formalar almasınlar. Bizim qaynar xəttimiz mövcuddur (597-45-39), alıcılar formalarla bağlı şikayət və suallarını ünvanlaya bilərlər”.

Xəbər lenti