Xəzər Xəbər

Yayda uşaqda ishal olursa... – VALİDEYNLƏR, DİQQƏT

Cəmiyyət | 13:42 • 6 Avqust 2017
Yayda uşaqda ishal olursa...

Yay aylarında istilərin daha da artması ilə əlaqədar uşaqlarda ən geniş yayılan problemlərdən biri ishaldır. Xüsusilə də bu, 2 yaşından az uşaqlarda daha da qorxulu hal yaradır.

Uşaq xəstəlikləri üzrə mütəxəssis Mehmet Kesikminarenin qusma ilə bərabər müşahidə edilən belə hallarla bağlı məsləhətlərini təqdim edir: "Uşaqlarda belə hallara rast gəlindiyi təqdirdə mütləq həkimə müraciət etmək lazımdır: "Yay aylarında mədə-bağırsaq sistemi infeksiyaları artır. Bu hal xəstəliyin ortaya çıxmasına səbəb olan viruslar, bakteriyalar və parazitlərin nəm və artan temperaturla əlaqədar daha asan yayıla bilməsindən qaynaqlanır. Həmçinin qidaların uyğun şəraitdə saxlanılmaması, daha tez xarab olması, hovuz və dəniz suyunun içilməsi, qidaların lazımi qaydada təmizlənməməsi, ya da təmiz su ilə yuyulmaması kimi bir çox əlavə təsirlər də yayda ishalın olmasına səbəb yaradır”.

6 aydan əvvəl nisbətən daha az... M.Kesikminare yayda həddindən artıq tərləmə səbəbi ilə xəstəliyin daha çətin formada keçə biləcəyini vurğulayıb: "Buna görə ishal başladığı andan etibarən maye qəbulu çox önəmlidir. Uzun sürən və təkrarlanan ishal uşağın normal inkişafına da təsir edir. Xüsusilə 6 ay-2 yaş arası kiçik uşaqlar mümkün olduğu qədər tez müalicə almalıdır. Ana südü uşağı qoruduğu üçün 6 aydan əvvəl ishal nisbətən daha az müşahidə edilir. Ancaq xüsusilə yay ishalları ilk 6 aylıq mərhələdə daha da təhlükəli olur”.

Nə zaman həkimə müraciət edilməlidir?

"İshal qusma və qızdırma ilə birlikdə müşahidə edildikdə daha diqqətli olmaq lazımdır”, - deyən həkim qidalanmadakı pozuqluğun valideynlər üçün bir xəbərdarlıq olduğunu bildirib: "Uşaq hər yediyini qusursa, temperaturu 38.5-dən yüksək olursa, heç bir şey yeməməsinə rəğmən gündə 5 dəfədən çox duru şəkildə nəcis ifraz edirsə, mütləq həkimə müraciət etmək lazımdır”.

Bol maye içilməlidir

"Viral infeksiyalarla bağlı ishal olduqda uşaqda ürəkbulanma və qusma ilə birlikdə maye itkisi daha çox yaşanır. Bu hallarda itirilən mayenin əvəzinə maye qəbul etmək həyati əhəmiyyət daşıyır”, - deyə həkim vurğulayıb.

Yay ishallarında adətən kifayət qədər maye alma və düzgün bəslənmə ilə 3-7 günə müsbət nəticə alındığını deyən M.Kesikminare bildirib ki, ishalla birlikdə qusma və qızdırma varsa, bunun qarşısını almaq üçün damardan maye müalicəsi alınmalıdır. Həmçinin bu xəstələrin çoxunda oral yolla probiotik müalicəyə də başlayırıq: "İshal yaşayan uşaqlarda qidalanmaya diqqət etmək lazımdır. Kartof püresi, plov və xüsusilə şorba istifadə olunmalıdır. Bununla yanaşı probiotik tərkibli qidalar, ya da tibbi dərmanlar xəstəliyin sağalmasında müsbət rol oynayır”.

İshalın qarşısını almaq mümkündürmü?

1. Xüsusilə yeməkdən əvvəl və sonra uşaqların əlləri yuyulmalıdır.

2. Təmizliyindən əmin olmadığınız tualetlərdən istifadə edilməməlidir.

3. Uşaqların bezləri dəyişdirildikdən və ya tualetdən sonra əllər mütləq yuyulmalıdır.

4. Meyvə-tərəvəzlər təmizliyindən əmin olduğunuz su ilə yuyulmalıdır.

5. Günəş altında satılan və son istifadə tarixi keçmiş olan qidalardan qətiyyən istifadə etmək olmaz.

6. Əgər evinizdən kənarda yemək yeyəcəksinizsə, bişirilmə yerinin gigiyenik olmasından əmin olun.

7. Uşaqlarınıza açıq yerlərdə satılan dondurmalar almayın.

8. Təhlükəsizliyindən və təmizliyindən əmin olmadığınız heç bir su içməyin. Bunun üçün yalnız şüşə sulardan istifadə edin.

//ailə.az

Xəbər lenti