Mütəxəssisin sözlərinə görə, günlük rasionu elə tətbiq etmək lazımdır
ki, heç bir qidadan tam imtina etməyək. Bura dondurma da daxildir.
Gündəlik qida rejiminə şəkər, yağ, karbohidratı balanslı şəkildə daxil
etsək, əslində, heç nədən imtina etmiş olmarıq: "Bəzən deyirlər ki,
dondurma yemək olmaz, dondurma yeməyək. İnsanları bu qədər dar çərçivəyə
saldıqda bir müddət sonra bundan sıxılırlar. Ona görə də müəyyən bir
mərhələni, çətinliyi atandan sonra rasiona dondurmanı da daxil edirik.
Sadəcə, payın miqdarını aşmamaq şərti ilə".
Dietoloq dondurma ilə meyvəni sıralamağı məsləhət görür. Bu iki qidanı
qətiyyən qarışdırmaq olmaz. Günün müəyyən saatı meyvə, digər saatında
isə dondurma yemək olar: "İki pay meyvə, üstəlik, dondurma yemək
istəyirsiniz. Lakin meyvənin bir payını dondurma ilə əvəz edin. Bir
meyvə, bir pay dondurma yemək olar. Dondurma isə souslu olmamalıdır.
Yağlılıq dərəcəsini nəzərə alaraq, bir top meyvəli dondurma yemək olar.
Eyni zamanda, dondurma yeməyin saatına diqqət etmək vacibdir. Günün
birinci yarısı, yəni saat 17:00-18:00-a qədər yeyilməsi daha
məqsədəuyğun sayılır. Axşam saatlarında dondurma yemək məsləhət deyil".
Ş. Əhmədova normadan çox yeyilən hər bir qidanın artıq çəkiyə səbəb
olduğunu vurğulayır. Lakin orqanizmə uyğun miqdarda yeyilərsə, heç zaman
artıq çəkiyə gətirib çıxarmaz: "Sözsüz ki, şokoladlı, fıstıqlı,
qarışıq, iki və daha çox pay dondurma yemək rejimdən çıxmanıza səbəb
olar. Amma gün ərzində bir dəfə yesəniz və bu meyvəli, yaxud şokoladlı
olarsa, artıq çəkiyə gətirib çıxarmaz".
Valideynlərin narahat olduğu məqamlardan biri də uşaqların dondurma
yeməsidir. Bir çoxları dondurma yedikdən sonra boğazlarının şişdiyini
deyir. Dietoloq isə uşaqların da rahatlıqla dondurma yeyə biləcəyini
bildirir. O, hesab edir ki, bu sevimli qida uşaqlarda ciddi problem
yaratmaz. Yetər ki, müəyyən olunmuş vaxtda və az olsun: "Adətən,
uşaqlara meyvəli dondurmalar verilir. Sözsüz ki, valideynlərin nəzarəti
ilə. Uşaqlara bir paydan çox olmayaraq və günün birinci yarısında
dondurma vermək olar. Axşam saatları qətiyyən məsləhət deyil. Böyüklərdə
olduğu kimi, uşaqlar da dondurmanı meyvə ilə bərabər yeməməlidir. Yəni
günün müəyyən hissəsində meyvə, digər bir hissəsində bir pay dondurma
yeyə bilərlər. Dondurma yeyən zaman boğazın şişməsi orqanizmdən asılı
olan problemdir. Əgər boğazda həssaslıq, xroniki faringit varsa,
əlbəttə, dondurma qıcıqlanma yaradar. Amma yenə də bir pay boğaz
ağrıtmaz. Faringit olan halda dondurmanı bir az yumşalmış halda, ərimiş
formada yemək daha yaxşı olar".
Sözsüz ki, evdə hazırlanmış qidalar sağlamlıq baxımından digərlərindən
daha üstündür. Bu sıraya dondurma da daxildir. Bir çox xanımlar
dondurmanı ev şəraitində hazırlayır. Əslində, bu, təqdirəlayiq haldır.
Dietoloq da insanlara əsasən evdə hazırlanmış dondurmaları yeməyi
məsləhət görür: "Xüsusən də uşaqlar üçün dondurma ev şəraitində
hazırlansa, daha yaxşı olar. Hətta uşaqlar üçün dondurmanın formalı
qabları belə var. Həm rəngarəng olur, meyvələrdən hazırlanır, həm də ev
üsulu ilə hazırlanmış yemək, şirniyyat, içkilər kimi dondurmalar da daha
çox məqsədəuyğundur. Ev şəraitində hazırlanmış kokteylləri də dondurma
əvəzi yemək olar".
Ş. Əhmədova çiyələk mövsümü olduğu üçün çiyələkli kokteyl hazırlamağı
məsləhət görür. Bu, həm də uşaqların ən çox sevdiyi kokteyllərdən
biridir. Dietoloq çiyələkli kokteylin reseptini də verdi:
1 stəkan az yağlı süd
1 ovuc çiyələk
1 yarım banan
5 ədəd badam
Bunun hamısını blenderdan keçirin. Sonra isə sərin formada və ya otaq temperaturunda yemək olar.