Cadu varmı və bu barədə Qurani-kərimdə nə deyilir?
Cadu vardır və onu inkar etmək düz olmazdı. Tarix boyunca cadu, sehr,
tilisim və s. bu kimi əməllər mövcud olmuşdur. Lakin bu işlə məşğul
olmaq haram və çox böyük günahlardandır.
XəzərXəbər islam.az-a istinadən bildirir ki, cadu - bəzi təbiət
qüvvələrinin və cinlərin yardımı ilə həyata keçirilir. Cadunun
varlığının ən gözəl sübutu Qurani-kərimin 113-cü "Fələq" surəsidir. Cadu
barədə hədislərdə də məlumatlar çoxdur. Məsələn, İmam Əli (ə) buyurub:
"Göz dəymə haqdır (yəni vardır), əfsun haqdır, sehr haqdır, fal
haqdır..." ("Nəhcul-bəlağə", 400-cü qısa kəlam). Yenə o həzrət buyurub:
"Münəccim kahin kimidir, kahin sehrbaz kimidir, sehrbaz kafir kimidir,
kafirin yeri isə cəhənnəm alovudur!" ("Nəhcul-bəlagə", 79-cu xütbə).
Rəvayətə görə, bir gün bir qadın Həzrət Mühəmməd Peyğəmbərin (s)
hüzuruna gəlib söylədi: "Ərim məndən soyuyub. Mən də onu özümə bağlamaq
üçün bəzi işlər görmüşəm (yəni sehr etmişəm)". Peyğəmbər qəzəblənib
buyurdu: "Vay olsun sənə! Öz dinini məhv etmisən! Allaha yaxın olan
mələklər sənə lənət edir! Səmadakı mələklər sənə lənət edir! Yerdəki
mələklər sənə lənət edir (Peyğəmbər bu sözləri 3 dəfə təkrar etdi)"
("Biharul-ənvar", cild 79, səh. 214).
Eyni zamanda cadudan qorxmaq da lazım deyil. Əvvəla, həqiqətən cadu
bacaranların sayı çox azdır. Çoxu isə fırıldaqçıdır. İkincisi, Quran,
xüsusilə "Fələq" və "Nas" surələrini oxumaqla cadudan qorunmaq olar,
inşAllah.