Xəzər Xəbər

Dəhşətli istilərlə bağlı XƏBƏRDARLIQ: Qarşıdakı dörd gün ərzində açıq havaya çıxmayın!

Cəmiyyət | 14:59 • 27 İyul 2017
Dəhşətli istilərlə bağlı XƏBƏRDARLIQ:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin istilərlə bağlı xəbərdarlıq edib. Belə ki, iyulun 28-dən etibarən ayın sonunadək paytaxtda və Azərbaycanın bölgələrində havanın hərarəti 42 dərəcəyə qədər yüksələcək. Nəzərə alaq ki, hava şəraiti asfalt olmayan ərazilərdə ölçülür. Buna görə Bakıda temperatur rəsmi proqnozdan bir qədər də yüksək olur. Belə hava şəraitində isə günvurma halları daha da çoxalır.

İsti havalar ürək-damar xəstələrinin, yüksək təzyiqdən əziyyət çəkənlərin də səhhətinin pisləşməsinə səbəb olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib ki, qurumun vəzifə borcu ümumi olaraq xəbərdarlıq verməkdir:

"Hansı təşkilatların işləyib-işləməməyi isə onların özündən asılıdır”.

Həkimlər isti havada zərurət yaranmadığı təqdirdə saat 11:00-dan 17:00-dək açıq havada olmamağı məsləhət görür. Bu məsləhətə daha çox bir çox spesifik sahələrdə, xüsusilə də neft və qaz sənayesində, tikinti sektorunda çalışanlar əməl etməlidir. Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsində göstərilir ki, 41 dərəcə istidə açıq havada işin dayandırılmalıdır. Maraqlıdır, belə havalarda idarə, dövlət və özəl müəssisələr zəhmət çəkib Əmək Məcəlləsinin bu tələbinə baxır və ona əməl edirlərmi?

Bununla bağlı paytaxtda fəaliyyət göstərən bir neçə tikinti-inşa şirkətləri ilə əlaqə saxlamağa çalışdıq. Lakin açıq havada işlərin dayandırılıb-dayandırılmadığına dair münasibət ala bilmədik. Görünən odur ki, heç bir idarə, dövlət və özəl müəssisə bununla bağlı heç bir ölçü götürmür. Xatırladaq ki, bu qaydaları pozan sahibkarı 1500 manatadək cərimə gözləyir. /cebhe.info

Xəbər lenti