Bakı Telefon Rabitəsi MMC ("Baktelecom”) rabitə infrastrukturu olmayan ərazilərdə kabelləşdirmə işlərini davam etdirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan
XəzərXəbər-ə verilən xəbərə görə, artıq Maştağa qəsəbəsinin Muşalan yeni yaşayış
massivi və Nardaran qəsəbəsinin Ləhiş bağlarında məskunlaşan sakinlərin
telekommunikasiya xidmətlərinə olan tələbatı tam ödənilib.
Belə ki, hər iki ərazi üzrə ümumilikdə tutumu 2728 nömrə olan və 352
portlu genişzolaqlı avadanlıqlar quraşdırılaraq abunəçilərin
istifadəsinə verilib.
"Baktelecom” tərəfindən adıçəkilən ərazilərdə tikilən yeni ATS-lərdə
şəbəkənin istismarı üçün optik kabellər çəkilib. Müasir texnologiyalar
əsasında aparılan kabelləşdirmə işləri fasiləsiz və dayanıqlı rabitə
xidmətləri ilə təchizata imkan verir.
Hazırda daha çox insana xidmət göstərmək məqsədi ilə tələbata uyğun olaraq yeni xətt qurğularının tikintisi aparılır.
Yaxın zamanda Sabunçu Telefon Qovşağının xidməti ərazisi üzrə rabitə
infrastrukturu olmayan digər yaşayış massivləri də multimedia xidmətləri
ilə təmin olunacaq.
Artıq istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış
qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir
standartlara cavab verən optik kabellərlə əvəz edilir.
"Baktelecom” texniki imkanlılığı məhdud, rabitə infrastrukturu olmayan
ərazilərin mərhələli şəkildə kabelləşdirilməsini bundan sonra da davam
etdirəcək.