Xəzər Xəbər

Avtobusda itən qızıl dolu oyuncaqla bağlı AÇIQLAMA

Cəmiyyət | 10:08 • 22 İyul 2017
Avtobusda itən qızıl dolu oyuncaqla bağlı

"BakuBus” şirkəti dünən 3 saylı marşrut avtobusunda Diana Vəliyeva adlı sərnişinin içində qızıl əşyalar olan oyuncağını itirməsi hadisəsi ilə bağlı açıqlama verib. Şirkətin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Lent.az-a bildirib ki, şirkət olaraq "BakuBus" avtobusunun salonunda itirilmiş əşyalara görə cavabdehlik daşımırlar: "Bu, salonda quraşdırılmış lövhədə də göstərilib. Ancaq biz sərnişinlərimizin məmnuniyyətini qazanmaq üçün itirilmiş əşyaları aşkar edərkən onlara təhvil veririk. Hətta bununla bağlı qaynar xətt proqramında əlavə bölmə də yaradılıb. Ancaq təəssüf ki, bəzən avtobusda unudulan əşyaların digər sərnişinlərimiz tərəfindən götürülməsi hallarına da rast gəlmək olur. Bu zaman biz əşyasını itirən sərnişinə polisə müraciət etməsini tövsiyyə edirik. Polis orqanlarından daxil olan rəsmi sorğu əsasında əşyanın itirildiyi və ya digər sərnişin tərəfindən götürülməsi təxmin edilən vaxtın görüntüləri çıxarılaraq polis orqanlarına göndərilir. Bundan sonra isə artıq hüquq-mühafizə orqanları hadisəni araşdırıb qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirirlər”.

M.Piriyev əlavə edib ki, qeyd olunmuş hadisə ilə bağlı onlara hələ ki, rəsmi sorğu daxil olmayıb. Rəsmi müraciət daxil olarsa, məlumatlar və videogörüntülər polis orqanlarına təhvil veriləcək.


Qeyd edək ki, paytaxt sakini, 1962-ci il təvəllüdlü Vəliyeva Diana Əli qızı polisə müraciət edərək bildirib ki, 4 min manatlıq qızıl-zinət əşyalarını avtobusda unudub.


Şikayətçi bildirib ki, iyulun 20-də "Baku Bus” şirkətinə məxsus 3 saylı marşrut avtobusunda olarkən əlində gəzdirdiyi ayı oyuncağını düşərkən unudub. Həmin oyuncağın içində isə qadının gizlətdiyi təxmini dəyəri 4 min manat olan qızıl əşyalar olub. D.Vəliyeva əlavə edib ki, avtobusu Nəsimi rayonu Mərdanov qardaşları küçəsində tərk edib.Müraciət əsasında araşdırmalara başlanılıb.


Qeyd edək ki, "Baku Bus”a məxsus avtobuslarda salona nəzarət etmək üçün kameralar quraşdırılıb.


Xəbər lenti