Xəzər Xəbər

DİM: Dövlət qulluğunda yüksək vəzifə tutmaq istəyən şəxslər müsabiqədən keçəcək

Cəmiyyət | 12:07 • 10 İyul 2017
DİM: Dövlət qulluğunda yüksək vəzifə tutmaq istəyən şəxslər müsabiqədən keçəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib.


Tədbirdə Prezident Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, Mərkəz tərəfindən qanunvericiliyin icrası vəziyyəti mütəmadi öyrəniləcək, pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcək: "Yol verilmiş pozuntu halları barədə Azərbaycan prezidentinə məlumat veriləcək və təqdim olunacaq illik hesabata daxil ediləcək”.

M. Abbaszadə pozuntuya yol vermiş məsul şəxslərin inzibati məsuliyyətə cəlb ediləcəyini də söyləyib.

DİM-in Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov bildirib ki, dövlət qulluğunda yüksək vəzifə (dövlət orqanında xidmət rəisi, aparat rəhbəri, şöbə müdiri vəzifələri) tutmaq istəyən şəxslər də müsabiqədən keçməli olacaqlar: "Dövlət qulluğuna qəbulda edilən digər mühüm dəyişiklik sertifikasiya sisteminin tətbiqi olub. Müsabiqənin test mərhələsindən uğurla keçən namizədə müvafiq sertifikat təqdim olunacaq. 5 il müddətində qüvvədə qalacaq bu sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək”.

Konfransda DİM-in Litva Dövlət Katibliyi ilə birgə icra edilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək” layihəsinin icra vəziyyəti və gələcək planlar barədə də iştirakçılara məlumat verilib.

Xəbər lenti