Bayıl yamacında yaşayış təhlükəlidir - RƏSMİ AÇIQLAMA

17.10.2018 14:39

Badamdar şosesində baş verən sürüşmə zonasında aktivliyin dayanma vaxtı dəqiq bilinmir.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, gün ərzində müşahidələr davam etdirilir: "Dünən sürüşmənin sağ və sol hissəsində xırda çatlar əmələ gəlmişdi. Sol qanaddakı çat genişlənib və gərginlik artıb. Dünən yağış yağdı, torpaq kütləsi ağırlaşdı və üzərində uçqunlar baş verdi. Proses davam edir".

Ə.Qaralov bildirib ki, sürüşmə prosesinin nə zaman dayanacağı dəqiq bilinmir: "Kütlənin gərginliyi çıxana və torpaq qatı yerini alana kimi bu proses davam edəcək. Yaxın bir-iki aya proses başa çata bilər. Evlərdə yox, hasarların divarlarında çatlar var. Mayaklar qoyulub".

O əlavə edib ki, Bayıl yamacında, Buxta küçəsindəki sürüşmə zonasında yaşayış təhlükəlidir.

Onun sözlərinə görə, küçənin ön hissəsindəki evlər sökülüb və gərginlik var: "Ön hissədə uçqun baş verən evlər sökülmüşdü. Yaz ayında təxminən 43 ev qəzalı vəziyyətdə oldu. Bu gün sürüşmə nəticəsində doqquz nömrəli ev təmiz uçub. Həmin evin yanındakı iki evdə də deformasiyalar müşahidə olunur".

Nazirlik tərəfindən Buxta küçəsinin riskli ərazi kimi konturlaşdırıldığını deyən Əziz Qaralov qeyd edib ki, növbəti evlər təhlükədədirlər: "Yerli qurumlar tərəfindən qabaqlayıcı işlər görüləcək".


© xezerxeber.az


232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR