Qolu sarıqlı şəkildə küçə süpürən qadın nazirliyin təklifindən imtina etdi

21.07.2018 12:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son günlər qolu sarıqlı şəkildə Bakı küçələrini süpürməklə məşğul olan qadın haqqında məlumat yayıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı yazıb ki, son günlər qolu sarıqlı şəkildə Bakı küçələrinin birində təsərrüfat işləri ilə məşğul olduğu iddia olunan və yayılan fotosu ictimaiyyət arasında rezonans doğuran yaşlı xanımın sosial müdafiəsi ilə bağlı çoxsaylı suallar gəlməkdədir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları 77 yaşlı qadın - Alaverdova Nelya Mamedovna ilə görüşərək, onunla söhbət aparıblar. Məlumat üçün bildirim ki, 1941-ci il təvəllüdlü Nelya Alaverdova 1997-ci ilin 5 may tarixindən yaşa görə əmək pensiyaçısıdır və hazırda 208,57 manat məbləğində aylıq əmək pensiyası alır. İşlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyindən isə ayda 200 manatdan çox əmək haqqı alır. Nazirliyin əməkdaşları N.Alaverdovanın daimi yaşayış yerinin olmaması səbəbindən ona Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəsisəsində dövlət himayəsində yaşamağı təklif ediblər. Həmin müəssisədə müasir tələblərə uyğun yaşayış şəraiti mövcuddur. Lakin N.Alaverdova bundan imtina edib, hazırki məskunlaşdığı yerdən narazı olmadığını bildirib. Bundan başqa N.Alaverdovaya heç olmazsa yaşadığı ünvanda ev işlərinə köməklik üçün sosial xidmət işçiləri tərəfindən səyyar formada daimi sosial xidmət göstərilməsi təklif edilib. Ancaq xanım bu təklifi də qəbul etməyib, 77 yaşının olmasına baxmayaraq özü-özünə qulluq edə bildiyini deyib”.

© xezerxeber.az


624 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR