Sürücülük vəsiqələri dəyişir: Hansı yeniliklər olacaq?

25.05.2018 12:11

Hazırda istifadə etdiyimiz sürücülük vəsiqələri 1968-ci il Vyana Konvensiyasına 2004-cü ildə edilən və 2011-ci ildən qüvvəyə minən nümunələrə uyğun deyil. Vəsiqələrlə bağlı hazırlanan yeni layihə bu və bu kimi digər problemləri aradan qaldıracaq.

Bu sözləri XəzərXəbər-ə hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov sürücülük vəsiqələri ilə bağlı qanunda ediləcək dəyişiklik barədə danışarkən deyib.

Ə.Hüseynov bildirib ki, layihə qəbul edilib qüvvəyə mindikdən sonra sürücülük vəsiqələri tam olaraq Konvensiyanın 6 saylı əlavəsinin yeni redaksiyasına uyğun olmaqla veriləcək:

"Layihə istifadə etdiyimiz sürücülük vəsiqələrində məlumatların sıralanma ardıcıllığının pozulması və vəsiqədəki məlumatlarda latın əlifbasında olmayan hərflərin (ə, ı, ö, ü, ğ, ç, ş) transliterasiya edilməməsi problemini həll edəcək.

Layihədə Konvensiyaya uyğun olaraq sürücülük kateqoriyalarına yeni altkateqoriyalar (B1, C1, D1, C1E, D1E) əlavə olunur. Bunlar müxtəlif tip nəqliyyat vasitələrinin fərqli kateqoriyalarının idarə edilməsi hüququnu dəqiqləşdirməyə yönəlib.

Məsələn, B1 altkateqoriyası hazırda dünyada geniş yayılan kvadrisiklləri, D1 16-yadək sərnişin yeri olan mikroavtobusları idarə etmək üçün nəzərdə tutulub”.

Ə.Hüseyov bildirib ki, layihənin maraqlı məqamlarından biri də trisikl və kvadrisikllərin hüquqi statusunun aydınlaşmasıdır:

"Yeni nümunəli sürücülük vəsiqələrində vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi (FİN-kod), onun barəsində xüsusi məhdudiyyətlər də olacaq. Məsələn, nəqliyyat vasitəsini yalnız eynəklə idarəetmə barədə qeyd, ona xüsusi təchizata malik "Əlil” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd və sair kimi əhəmiyyətli məlumatlar da olacaq”.

Qeyd edək ki, sürücülük vəsiqələri üçün hazırlanan layihənin növbəti ilin əvvəllərində həyata keçirilməsi gözlənilir.

© xezerxeber.az


947 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR