Koronavirus beyini belə məhv edir - ARAŞDIRMA

20.09.2020 12:52

Liverpul Universiteti, London Universitetinin Kolleci, Yale Universiteti və İkon Tibb Fakültəsinin mütəxəssisləri koronavirus infeksiyasının insan beyni üçün dağıdıcı nəticələrə səbəb ola biləcəyini iddia edib.

Bu barədə alimlərin araşdırmaları "Nature” jurnalında yayımlanıb.

COVID-19-a yoluxmuş nevroloji və psixiatrik ağırlaşmaları olan xəstələrin 62 faizində beyinə qan axınının zədələndiyi bildirilir. Eyni zamanda 31 faizində zehni pozğunluq və uzun sürən huşsuzluq kimi əlamətlər qeydə alınıb.

London Universiteti Kollecinin tədqiqatçılarının sözlərinə görə, koronavirusun ən çox görülən nevroloji nəticələri insult və ensefalit ola bilər. Bu ağır xəstələrin bəzilərində tənəffüs simptomları çox açıq olmasa da, əsas xəstəlik fəsadları beyin zədəsi olub. Mütəxəssislər nevroloji simptomların fərqli populyasiyalarda meydana gələ biləcəyini iddia edib.

"Adi risk faktorları olmayan nisbətən gənc yaş qrupunda izah edilə bilməyən ağır zehni dəyişikliklər gördük”, - Liverpul Universitetinin nevroloqu Benedikt Maykl vurğulayıb.

Rio-de-Janeyro Federal Universitetinin həkimi Fernanda de Feliçenin sözlərinə görə, COVID-19-un ağır formada olduğu xəstələrin yarısından çoxu nevroloji ağırlaşmalarla qarşılaşa bilər. Bununla yanaşı, məlumat çatışmazlığı səbəbindən simptomları olmayan və ya yüngül formada infeksiya keçirmiş insanlarda nevroloji simptomların yayılmasını təyin etmək çətindir./Publika.az

© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR