Son zamanlar COVID-19-a ailəvi yoluxmalar qeydə alınır

05.07.2020 09:09

Fevral-mart aylarında televiziya kanallarında COVID-19 infeksiyasının tüğyan etdiyi bəzi ölkələrdə xəstəliyin törətdiyi acınacaqlı vəziyyəti görürdük. İnsanların küçədə gedərkən qəfildən vəfat etdiyinə dair görüntülər də yayılmışdı. O dövrdə ölkə rəhbərliyinin qəbul etdiyi ən düzgün qərar təcili şəkildə sərhədlərin, məktəblərin, insanların kütləvi yoluxa biləcəyi məkanların bağlanması, klinikaların, xəstəxanaların pandemiya ilə mübarizəyə ayrılması, yeni xəstəxanaların yaradılması və həmin tibb müəssisələrində xəstələrin müalicəsini təşkil etmək oldu. Düşünürəm ki, bu, çox doğru addım idi və hazırda biz onun nəticələrini görürük.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyib.

"Əvvəlki sərt karantin rejiminin tətbiq olunduğu vaxtda epidemioloji vəziyyət xeyli yaxşılaşmışdı. Yoluxma halları xeyli az idi. Sonradan yumşalma tədbirləri tətbiq olundu. Bəzi vətəndaşlar yumşalma tədbirlərindən istifadə edərək qaydalara etinasız yanaşmağa başladılar. Bu da yoluxanların sayının artımı ilə nəticələndi.

Ölkə başçısının çıxışlarının birində söylədiyi "Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı” fikrini xüsusi vurğulamaq istəyirəm. Çünki iqtisadiyyatı sonradan möhkəmləndirmək də mümkündür, lakin insanların sağlamlığını itirmək olmaz. Dövlətimiz insanların sağlamlığını seçdi və düzgün qərarlar qəbul etdi. Lakin müşahidələr onu göstərir ki, vətəndaşların bir qismi qaydalara əməl etmir, maska taxmırlar. Bəlkə həmin insanların özləri daşıyıcıdır və ya yoluxucu vəziyyətdədirlər? Onlar ətrafdakıları da yoluxdura bilərlər. Çox təəssüf ki, son vaxtlar vətəndaşlar xəstəxanalara, klinikalara fərdi qaydada deyil, ailəvi şəkildə müraciət edirlər. Yəni ailəvi yoluxmalar qeydə alınır. Bu, onu göstərir ki, ailə üzvlərindən biri haradasa virusa yoluxur və gəlib digərlərini də yoluxdurur. Araşdırmalara görə, onların əksəriyyəti yas yerlərinə getdikdən, karantin qaydalarına zidd olaraq hansısa mənzildə təşkil olunan doğum günü məclislərində iştirak etdikdən sonra yoluxublar. Həmçinin insanların kütləvi toplaşdıqları yerlərə gedərək orada özləri yoluxub, sonra isə ailə üzvlərini yoluxdurublar. Vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, virusa yoluxmaqdan qorunmaq və yoluxma zəncirini qırmaq lazımdır. Bunun üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etmək lazımdır. Verilən tövsiyələr, qəbul edilən qərarlar vətəndaşların sağlamlığının qorunmasına yönəlib”, - deyə S.Musayev qeyd edib.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR