COVID-19 xəstələrinə "SMS icazə" verilmir - Səhiyyə Nazirliyi

02.07.2020 15:13

Azərbaycanda COVID-19 virusuna yoluxan şəxslərin evdən çıxmasının qarşısını almaq üçün yeni üsul tətbiq edilir.

Bu barədə Trend-ə açıqlamasında Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, hər hansısa bir vətəndaşın COVID-19-a yoluxması təstiqlənərsə, bu barədə dərhal icaze-e.gov.az portalına məlumat verilir: "Bu şəxs barədə məlumatlar dərhal həmin portal tərəfindən nəzarətə götürülür. Bundan sonra həmin şəxs evdən çıxmaq üçün portala müraciət edərkən ona evdən çıxmağa icazə verilmir. Bununla yanaşı, COVID-19 xəstəsindən iltizam da alınır ki, həmin şəxs müalicə müddətində evdən çölə çıxmayacaq. Əgər həmin şəxs müalicə müddətində yaşayış yerini tərk edərsə, onun barəsində qanunvericiliyin tələbinə uyğun olaraq tədbir görülür və şəxs məsuliyyətə cəlb edilir. Çünki COVID-19 xəstəsi müalicə müddətində yaşayış yerini tərk edərsə, başqasını yoluxdura bilər. Buna görə də həmin şəxsin evdən çıxması qadağandır".

N.Seyidov bildirib ki, hazırda ev şəraitində müalicə olunan şəxslərin sayı çoxluq təşkil etmir: "Hazırda evdə müalicə olunan COVID-19 xəstələrinin sayı azdır, ümid edirəm ki bundan sonra ümumiyyətlə olmayacaq. Amma COVID-19-a yoluxmuş adam nəzərə almalıdır ki o evdən çıxmaqla bu virusu daha tez yaya bilir. Bununla bağlı hüquq-mühafizə orqanları da tədbirlər görür. Bu tip xəstələrin evdən çıxması qanun pozuntusu və xüsusilə başqalarının hüquqlarını pozmaqdır".

İşçi qrupu üzvünün dediyinə görə, hazırda evdə müalicə olunan COVID-19 xəstələri simptomsuz və yüngül xəstələrdir: "Həmin xəstələr ərazi poliklinikaları tərəfindən mütəmadi nəzarətdə saxlanılır, onların müalicəsinə xüsusi diqqət yetirilir. Ona görə də həmin şəxslərin evdən çölə çıxması qadağan edilib".

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR