Karantin dövründə atmosferə atılan zəhərli maddələrin miqdarı azalıb

18.04.2020 10:44

Azərbaycanda karantin dövründə stasionar (fabrik, zavod və s.) və qeyri-stasionar (nəqliyyat vasitələri) mənbələrdən olan tullantıların kəskin azalması nəticəsində atmosferə atılan zəhərli maddələrin miqdarı hiss olunacaq dərəcədə azalıb.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, fəlsəfə doktoru Ənvər Əliyev deyib.

Onun bildirdiyinə görə, karantin şəraiti ilə əlaqədar respublikada bəzi təsərrüfat sahələrində, xüsusilə sənayedə xeyli problemlərin yaranması ilə yanaşı, əksər istehsal sahələrinin dayandırılması ekoloji baxımdan ətraf mühitə öz müsbət təsirini göstərib:

"Azərbaycanda adi qaydada avtomobillər tərəfindən bir il ərzində 1 milyon 279 min tona qədər benzil istehlak olunurdu. Təsəvvür etsək ki, indiki halda şəhər, rayon avtomobillərinin hətta 50 % işləməsə belə, artıq atmosferə atılan tonlarla karbon və azot oksidləri, aldehitlər, hiss, qurum və s. kimi zəhərli maddələrin miqdarı yarıbayarı azalar və atmosferdə təmizlik yaranmış olar. Bundan əlavə, ölkədə ağır yük maşınları il ərzində 827 min ton dizel yanacağından istifadə edirdilər ki, bunlarda benzindən fərqli olaraq hiss və qurumun miqdarı daha artıqdır. Sərhədlərin müvəqqəti bağlanması nəticəsində xariclə işləyən və ağır yük daşıyan əksər maşınların fəaliyyətinin dayandırılması atmosferin təmizlənməsində öz müsbət rolunu oynayır. Buradan belə nəticyəyə gəlmək olur ki, iqtisadiyyatın zəifləməsi nəticəsində atmosferə atılan zəhərli maddələrin miqdarı azalıb, havanın nisbətən təmizlənməsi insan sağlamlığına müsbət təsirini göstərib, orqanizmdə immunitetin güclənməsinə səbəb olub. Əlbəttə, məsələyə bu prizmadan yanaşmaq o qədər də düzgün deyil, belə ki, nəqliyyatsız iqtisadiyyatı təsəvvür etmək qeyri-mümkündür".

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

28.05.2020 17:17

Beyl "Real"da qala bilər

ÇOX OXUNANLAR