Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların sayı açıqlandı

14.11.2019 17:11

Azərbaycanda 255 mindən çox şəkərli diabet xəstəsi var ki, onlardan 1800 nəfəri uşaqlardır.

XəzərXəbər xəbər verir ki, bu sözləri Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova 14 noyabr Ümumdünya Diabet Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, ölkə üzrə statistik göstəricilər digər ölkələrlə müqayisədə çox deyil:

"Hər il Endokrinoloji Mərkəzə şəkərli diabetlə bağlı 25 minə yaxın şəxs ilkin müraciət edir. Ümumiyyətlə,Azərbaycanda 255 mindən çox insan şəkərli diabet xəstəliyi ilə qeydiyyatdadır.

Onlardan 1800 nəfərini uşaqlar və yeniyetmələr təşkil edir. Bu xəstəlik müalicəyə cavab verir. Düzgün qidalanma və fiziki aktiv həyat tərzi keçirməklə normal həyata davam etmək olar. Qida rasionuna diqqət edən insanların 70 faizində bu xəstəlik heç bir fəsadlaşma vermir”.

Y.Sultanova şəkərli diabet xəstələrini ən çox narahat edən dərman məsələsinə də toxunub. O bildirib ki, rəsmi olaraq qeydiyyatda olan diabet xəstələrinə dərman preparatları dövlət tərəfindən verilir:

"Dövlətin şəkərli diabet xəstələrinə qayğısı 2005-ci ildən tətbiq edilən "Şəkərli Diabet Xəstələrinə Dövlət Qayğısı” proqramı ilə tənzimlənir. Diabet xəstələri İtaliyadan, Türkiyədən gətirilən yüksək keyfiyyətli insulin və həblərlə təmin edilirlər.

Bilirsiniz, dərmanların gecikməsi ilə bağlı müraciətlər olur. Amma əmin olun ki, resurs var. Sadəcə olaraq, araşdıranda görürük ki, dərmanların paylanma prosesində bir balaca gecikmələr ola bilir. Fikrimcə, bunun da həll olunması çətin məsələ deyil”.

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR