18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat

20.06.2019 16:02

Bakı Dövlət Universitetinin (BDU) 18 yaşlı dördüncü kurs tələbələri Nigar Veysəlova və Turanə Tağıyeva magistratura pilləsinə yüksəliblər.

Kimya fakültəsinin məzunu Nigar Veysəlova təhsilini dövlət sifarişi əsasında 131 balla qəbul olduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanomateriallar kimyası ixtisası üzrə, Beynəlxalq münasibətlər fakültəsinin məzunu Turana Tağıyeva isə 114 balla qəbul olduğu BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə davam etdirəcək.

Oxu.Az-a danışan N.Veysəlova bildirib ki, valideynləri kimyanı çox seviblər və bu ixtisasa sevginiəvvəlcədən ona aşılayıblar:

"2000-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində doğulmuşam. Atam Rövşən Veysəlov Sumqayıtda Karate Federasiyasının sədri olub.Bir müddət əvvəl rəhmətə gedib. Respublikanın Əməkdar məşqçisi, karate üzrə V dan qara kəmər ustası idi. Təhsilimdə mənə ən böyük dəstək verən insan olub. Anam isə energetika mühəndisliyi ixtisasını bitirib, hazırda evdar xanımdır.

2004-cü ildə Sumqayıt şəhəri 26 saylı orta məktəbə daxil olmuşam və 2015-ci ildə həmin məktəbi bitirmişəm. Həmin ilqəbul imtahanında 523 balla Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşam. Müəllimlərimin də bu yerə çatmağımda əməyi çox olub”.

N.Veysəlovanın fikrincə, Azərbaycanda kimya sahəsinin inkişafına ehtiyac var:

"Kimya sahəsi Azərbaycanda yeni sahə olsa da, xaricdə çox yaxşı inkişaf edib. Bu ixtisası seçməkdə məqsədim xaricdə təcrübə qazanıb, bu sahəni ölkəmizdə inkişaf etdirməkdir”.

Oxu.Az-a açıqlama verən Turanə Tağıyeva deyib ki, əsas məqsədi peşəkar diplomat olmaq və Azərbaycanı təmsil etməkdir:

"2000-ci ildə Bakıda doğulmuşam. 2004-cü ildə 193 saylı orta məktəbə getmişəm, 2013-cü ildə təhsilimi 212 saylı məktəbdə davam etdirmişəm. 2015-ci ildə BDU-nun Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşam.

Diplomat olmaq uşaqlıq arzumdur. Valideynlərim mənim seçimlərimi hər zaman dəstəkləyiblər. İxtisası da özüm seçmişəm. Atam BDU-nun Hüquq fakültəsini, anam isə İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib. Səfir olmaq istəyirəm. Peşəkar diplomat olub, Azərbaycanı təmsil etmək əsas məqsədimdir”.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR