İftar süfrələrinin belə təşkili və bu şəxslərin iştirakı BÖYÜK GÜNAHDIR

24.05.2019 18:11

Müsəlman aləmi Ramazan ayının 20-ci gününü yaşayır. Bu ayın dini və sağlamlıq baxımdan faydaları çoxdur. Oruc tutmaq qədər oruclu şəxsin, imkansızın qarnını doyurmaq da savab əməllər sırasındadır. Lakin son vaxtlar açılan iftar süfrələrində daha çox qohum-tanışın toplanması, masa ətrafında əyləşənlərin əksəriyyətinin oruclu olmaması diqqət çəkir. Hətta bir çoxu imkanlı şəxsin iftar süfrələrini görüntü yaratmaq xatirinə təşkil etdiyini desək, o qədər də yanılmarıq.

Axı iftar süfrəsinin mahiyyəti ehtiyacı olanı, oruclu birini qonaq etməkdir.

Bəs bu cür iftar süfrələri məclisi təşkil edən şəxsə nə qədər savab qazandırır? Əsl iftar süfrəsi necə olmalıdır?

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylibu mövzudaPublika.az-ın suallarını cavablandırıb.

Onun sözlərinə görə, Ramazan mərhəmət, bağışlanma ayı olaraq ilahidən yaradılmış qullarına bərəkət, nemətdir:

"Məhəmməd Peyğəmbər (s.ə.v.) buyurur ki, Ramazan ayında bir südlə, bir xurma ilə də olsa iftar verin, cəhənnəm əzabından xilas olun. Çünki Ramazanda cəhənnəmin qapıları bağlı, cənnətin qapıları isə tamamilə açıq olar. Allahdan dilənən hər hansı arzu və istəyin geri qayıtması mümkünsüzdür. Göy üzündən enən mələklər rəbbin yaratdığı qulları seyr edərlər. Təəssüf ki, Ramazan ayının fəzilətlərini, fəlsəfəsini bilməyən çox sayda insan iftar süfrəsi adı altında məclislər keçirir. Əslində bu süfrələri Allahın mərhəməti, rəhmətindən çox narazı qaldığı süfrələrə çevirirlər. Şəxsən özüm bu hallarla qarşılaşmışam. Bir iş adamı iftar süfrəsinə dəvət etmişdi, məlum oldu ki, məclisdə 40-dan çox adam olsa da, yalnız mən orucluyam. Halbuki bu süfrəyə oruclu, imkanı olmayan, həmçinin şəhid ailələrinin dəvət edilməsi daha çox bəyənilən əməldir. Biz nə qədər maarifləndirmə işi aparırıq. Ramazan ayı boyunca mənim müəllifi olduğum cə SPACE telekanalında yayımlanan "İnam” verilişində bu barədə məlumatlar verilir. Lakin hələ də, Ramazanla bağlı məlumatlılıq lazımi səviyyədə deyil. İftar verən şəxsin oruc tutmayan qohum, tanışlarını süfrə başına toplaması Ramazan adətlərinə uyğun deyil. Çünki bu ayda Allah buyurur ki, "Siz mənim qonaqlığıma dəvətlisiniz”. Yəni imsak və iftarda qonaqlığın əsl sahibi Allahdır. Hər hansı məmur bizi evinə dəvət etsə, ən yüksək səviyyədə geyinər, məclisdə davranışlarımıza xüsusi fikir verərik. Aləmləri nizamla idarə edən, hər iki dünyanın mütləq sahibi olan Uca Yaradan bizə vəd verir ki, "masanın başında sizi gözləyən mənəm”. Lakin biz bu süfrəyə necə yanaşırıq? Süfrədə israfçılıq baş alıb gedir, masa ətrafında oturanların bir neçəsi oruclu olur. Belə olan halda Allah bizdən razı qalarmı? Təbii ki, yox”.

C.Əzimbəyli iftar süfrələrinin əslində necə təşkil edilməsindən də bəhs edib:

"Bu ay zəngin insanların fəqirlərlə yardımlaşması üçün bir fürsətdir. Bu ay onlara növbəti Ramazana qədər öz ailələrinin, övladlarının, mal və mülklərinin zəmanəti üçün imkan yaradır. İmkanlı şəxslər yardımlaşma aksiyalarına qoşula bilərlər. Ancaq iftar süfrələrində haqq sahiblərini dəvət etmək imandandır. Məsələn, Heydər Əliyev Fondu nizamlı şəkildə bölgələrdə iftar süfrəsi təşkil edir. Bu məclislərə şəhid ailələri, imkansızlar və oruc tutan şəxslər dəvət olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində yaradılan Mənəvi dəyərlərin təbliği fondu bölgələrdə bu cür süfrələr açır və ehtiyacı olan, eyni zamanda oruclu insanları dəvət edirlər. "Yeni Ufüq” İctimai Birliyi də hər gün düzənlədiyi iftar süfrələrində şəhid, qazi ailələri ilə bir yerə toplaşır. Hər gün küçələri təmizləyən qadınlara sübh vaxtı içərisində ərzaq olan paketlər verilir. Bu üsullarla vətənimizin, özümüzün bəla və müsibətlərdən qorunması üçün addım atmış olarıq. Ola bilər ki, süfrədə 50 adamdan ikisi oruc tutmasın. Lakin masa ətrafındakı söhbətlər onların dini duyğularının oyanmasına, hətta niyyət edib oruc tutmasına səbəb ola bilər. Lakin təhlükəli məsələ iftar süfrəsindəki şəxslərin əksəriyyətinin oruclu olmamasıdır. Burada həm də qul haqq məsələsi var. Burada birinci məsuliyyət iftara dəvət edənin üzərinə düşür. İkinci məsələ dəvət edilənin üzərinə düşən məsuliyyətdir. Həmin şəxslər dəvət zamanı oruclu olmadığını əsas gətirərək imtina edə bilərlər. Gün ərzində ac, susuz qalan, çətinliyə dözən şəxsin əvəzinə haqqı olmayan şəxsin süfrədə oturması doğru deyil. İnsan özü həmin süfrədə oturmağı nə qədər haqq etdiyini düşünməlidir”.

© xezerxeber.az


252 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR