Çernobıl əlillərinə birdəfəlik maddi yardım ayrılıb

26.04.2019 10:21

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində mühüm addımlar atılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Azərbaycanda həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən mühüm tədbirlər 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşları da əhatə edir.

Hələ ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bu sahədə dövlət siyasətinin əsasları müəyyən olunub. 1993-cü ildə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramı ötən dövrdə digər əlilliyi olan şəxslər kimi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin də gücləndirilməsinə imkan verib.

Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki kateqoriya üzrə müəyyən ediliblər.

"Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olan vətəndaşlar ölkəmizdə müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara bərabər tutulurlar. Onlar əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanları ilə ölkəmizdə təqaüdlərin və sosial müavinətlərin məbləği cari il aprelin 1-dən orta hesabla 100 faiz artırılıb. "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar üçün də Prezidentin aylıq təqaüdü I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb.

Həmçinin, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlar”dan I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü 100 manat müəyyən edilib və həmin təqaüdün aylıq sosial müavinət alanlarla birgə, əmək pensiyası alanlara da verilməsi nəzərdə tutulub.

Aylıq sosial müavinətin məbləği isə I dərəcə əlilliyi olanlar üçün 150 manata, II dərəcə əlilliyi olanlar üçün 130 manata, III dərəcə əlilliyi olanlar üçün 110 manata çatdırılıb. Eləcə də I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü kimi aylıq 50 manat təqaüd təsis edilib.

"Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq sosial müavinət də verilir. Bundan əlavə, həm "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar”, həm də "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanların müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinət ödənilir.

Ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olan vətəndaşlardan 200 nəfərə mənzil, 160 nəfərə minik avtomobili verilib.

Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır.

Qeyd olunanlarla yanaşı, Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə bağlı həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan 500 nəfərə bu günlərdə birdəfəlik maddi yardım da ayrılıb.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR