Problemli kreditlərin həlli ilə bağlı Fərman 800 min nəfərin rifahında müsbət dönüşə səbəb olacaq

02.03.2019 21:03

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” bu il fevralın 28-də verdiyi Fərman dövlət başçısının mühüm sosial-iqtisadi əhəmiyyətə malik növbəti humanist təşəbbüsü olmaqla, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi, ümumən ölkəmizdə layiqli həyat səviyyəsinin təmin edilməsi üçün daha bir əhəmiyyətli irəliləyişə imkan yaradıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı bu barədə AZƏRTAC-a deyib: "Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşdikləri maliyyə itkisinin dövlət tərəfindən qarşılanmasını, eyni zamanda, problemli kreditlər məsələsinin həllini təmin edən həmin Fərman bir daha Azərbaycan dövlətinin daim öz vətəndaşının yanında olduğunu nümayiş etdirir. Dövlət başçısı fevralın 25-də keçirilən müşavirədə demişdi: "Hələ keçən ilin sonunda bildirmişəm və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir”.

Həmin müşavirədən bir neçə gün sonra Prezidentin imzaladığı fərman və sərəncamlar, sosial müdafiə sahəsində atılan ciddi addımlar bu fikrin əməli müstəvidə təsdiqini tapdığını göstərir. Minimum əməkhaqqı və minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanın rifahına müsbət təsir göstərir. Həmçinin 600 minədək şəxsi əhatə edən sosial müavinətlər orta hesabla 100 faiz artırılıb. Prezidentin aylıq təqaüdünü alan 12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb, həmçinin 100 mindən çox tələbənin təqaüdündə artımlar edilib. Çoxmənzilli binaların sənədləşdirilməsi isə təxminən 350-400 min vətəndaşı əhatə edəcək”.

"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı 800 min nəfərin rifahında müsbət dönüşə səbəb olacaq. Ona görə də cəmiyyət tərəfindən əhalinin sosial müdafiəsi sahəsində inqilabi addım və sosial ədalətin təcəssümü kimi yüksək dəyərləndirilir”, - deyə şöbə müdiri fikrini yekunlaşdırıb.

© xezerxeber.az


301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR