Həftəsonu doyunca yatmaq yuxusuzluq problemini aradan qaldırmır - ARAŞDIRMA

02.03.2019 17:14

Gərgin iş və həyat tərzi nəticəsində çox insan həftə ərzində lazımi qədər yata bilmir və bu yuxusuzluğun əvəzini həftəsonu doyunca yatmaqla çıxmağa çalışır. Alimlər yeni tədqiqatlar nəticəsində sübuta yetiriblər ki, həftəsonu doyunca yatmaqla həftə ərzindəki yuxusuzluğu aradan qaldırmaq mümkün deyil.

Bu barədə araşdırma "Current Biology” elmi jurnalında dərc edilib. Bir qrup amerikalı alimin 36 könüllü üzərində bir neçə həftəlik elmi təcrübəsi nəticəsində məlum olub ki, həftəsonu doyunca yatmaqla həftə ərzindəki yuxusuzluğun əvəzini çıxmağa çalışmaq heç də uğurlu strategiya deyil. Xroniki yuxu çatışmazlığı orqanizmdə maddələr mübadiləsini pozur, qan-damar sisteminə mənfi təsir edir, müxtəlif xəstəliklər riskini artırır.

Alimlər empirik tədqiqat zamanı könüllüləri üç qrupa ayıraraq, onların gündəlik yuxu saatlarını yuxu laboratoriyasında müşahidə ediblər. İlk qrupdakı şəxslərə həftənin hər günü doqquz saat yatmağa icazə verilib, ikinci qrupdakı şəxslər həftənin hər günü yalnız beş saat yatmalı olublar, üçüncü qrupdakı şəxslərə isə həftəiçi yalnız beş saat, həftəsonu isə istədikləri qədər yatmaq imkanı verilib. Alimlər, eyni zamanda, elmi araşdırmada iştirak edən şəxslərin qidalanma tərzini və orqanizmin insulin həssaslığını da diqqətdə saxlayıblar.

Nəticədə müəyyən edilib ki, normadan az yatmaq insan bədənində maddələr mübadiləsini pozur. Cəmi beş saat yatan şəxslərin orqanizmində insulin həssaslığı aşağı düşüb və bu cür davam edən həyat tərzi insanın ikinci tip diabet xəstəliyinə tutulma ehtimalını artırır. Çox gec saatlarda yatan şəxslər, həmçinin axşamlar daha çox qida qəbul etmələri ilə diqqəti cəlb ediblər və iki həftə ərzində orta hesabla bir kiloqram çəkiləri artıb. Həftəsonu doyunca yatmaq yuxusuzluğu nəinki aradan qaldırıb, hətta həmin şəxslərdə insulin həssaslığı ciddi şəkildə aşağı düşüb.

Vyana Tibb Universitetinin nevroloq və yuxu tədqiqatçısı Ştefan Zaydel araşdırma ilə bağlı açıqlamasında bildirib ki, yuxusuzluq probleminə qarşı mübarizədə müntəzəmlik əsas rol oynayır. Həftə ərzində az saatlar yatan insanlar yuxu saatlarını tədricən artıraraq müntəzəm yuxu ritmlərini bərpa etməlidirlər. Lakin həftənin bir neçə günü 5-6 saat yataraq, həftəsonu istədiyin qədər yat strategiyası („Stop and Go" prinsipi) tətbiq etmək həm uğurlu deyil, həm də xəstəliklərə yol açır. Alimin sözlərinə görə, həftəsonu doyunca yatmaq heç də yalnız strategiya deyil, lakin bu, həftəiçi yuxusuzluğun əvəzi kimi görülməməlidir. Həftə ərzində təxminən 8 saat yuxunu təmin etmək mütləqdir. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR