"Ağırtonnajlı avtomobillər gündüz sıxlığı birə-beş artırır" - Ekspert

09.11.2018 14:12

Yük avtomobillərinin yaratdığı tıxac problemi aradan qaldırılır

Ağır tonnajlı yük avtomobillərinin paytaxt yollarında tıxaca səbəb olması dəfələrlə ictimailəşdirilsə də, problem hələ də qalmaqdadır. Üstəlik həddindən artıq yüklənən iri tonnajlı avtomobillər yol infrastukturuna da ziyan vurmaqda davam edir.

Bu tip avtomobillərin hərəkətinin tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olsa da, qaydaların pozulması halları bu gün də mövcuddur. Ağır tonnajlı avtomobillərin xüsusilə pik saatlarda hərəkəti paytaxt yollarını iflic vəziyyətə salmaqda davam edir. Baxmayaraq ki, Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası”nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin yük daşımaları ilə bağlı tədbirlər bu gün də qüvvədədir. Amma bu gün qadağa saatlarında da yük avtomobilləri şəhərin yollarında rahatlıqla şütüyür.

Artıq Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirib. Belə ki, mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və müvafiq olaraq cərimə olunacaq.

Ekspertlər yük avtomobillərinin qadağa saatlarında şəhərə daxil olmasına nəzarətin gücləndirilməsini dəstəkləyirlər. Mütəxəssislər nəzarət tədbirlərinin gücləndirilməsini, eləcə də, cərimələrin tətbiqinin həm paytaxt yollarında tıxacın, həmçinin də yol infrastrukturunun sıradan çıxmasının qarşısını almağa effektiv təsir göstərəcəyini söyləyir.

Nəqlliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da deyir ki, indiyədək yük avtomobillərinin bəzi istiqamətlərdən şəhərə girişinə məhdudiyyətlər olsa da, bunun qarşısını tam almaq olmayıb: "Bu məhdudiyyət 2007-ci ildən tətbiq edilib. Əsas məqsəd də, hərəkətin gur vaxtında tıxac probleminin qarşısını almaq idi. Bu qadağa bu gün də qüvvədədir. Amma biz gündüz saatlarında da şəhərin hərəkətin sıx olduğu küçələrində ağırtonnajlı avtomobillərin hərəkətinin şahidi oluruq. Burada maraqlı olan bir məsələ də odur ki, bu avtomobillərə şəhərə gündüz saatlarında kimlər və hansı əsaslarla buraxılışlar verir? Axı, gündüz vaxtı hərəkətin gur vaxtlarında şəhərin xeyli küçələrində sıxlıq müşahidə olunur. Ağır yük avtomobilləri isə bu tıxacı daha da artırır”.

Ə. Hüseynov deyir ki, bu qərar ağır yük avtomobillərinin ölçüləri, manevr imkanları nəzərə alınaraq verilib: "Elə ağırtonnajlı avtomobil var ki, onun yolda tutduğu sahəyə 10 minik avtomobili yerləşər. Ona görə də, belə ağırtonnajlı avtomobillər şəhərdə gündüz saatlarda hərəkət edəndə sıxlıq birə-beş artır. Bəzən də görürsən belə ağırtonnajlı avtomobillərin dönmə əməliyyatına yol verdiyi qayda pozuntusu bütün yolda hərəkəti iflic vəziyyətə salır. Ona görə də, nəzarət tədbirlərinin artırılması alqışlanandır. Xüsusilə qışa doğru bu problem daha da aktual olur”.

Qeyd edək ki, noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar da müəyyən edilibdir:

1.Lökbatan dairəsi – Xocahəsən yolu-Sulutəpə qəsəbəsi – Binəqədi yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı) – Mehdiabad yolu - Balaxanı yolu – Zabrat - Maştağa yolu - Albalılıq yolu – Mərdəkan yolu – Şüvəlan yolu-Qala yolu-Türkan yolu - Pirallahı yolu - Hövsan yolu-Suraxanı - Yeni günəşli - Gen. Mehmandarov küçəsi - Neapol dairəsi (Ukrayna dairəsi - Gəncə prospekti - Zığ yolu - Beton yol - Hövsan;

2.Sumqayıt yolu – Biləcəri yolu (Daş bazarı) - Binəqədi şosesi-sola Baksol yolu – Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqəsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu – Taxta bazarı və əksinə;

3.Ə. Rəcəblidə geriyədönmə yeri, "Şır-şır” restoranının yanı, "Taxta” bazarı;

4."Çermet” körpüsünün altı, Z. Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən – Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) "Lukoil” YDnin yanında geriyədönmə yeri "Baku Steel Kompani” istiqamətində;

5.Qaradağ rayonu ümumilikdə, Pirallahı rayonu, Mehdiabad qəsəbəsi, Albalılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvəlan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndə, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli, Hövsan qəsəbəsi, Suraxanı qəsəbəsi. (movqe.az)

© xezerxeber.az


63 dəfə oxunub

ÇOX OXUNANLAR